BAKI, 29 iyul. TELEQRAF
“Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumu cavabsız qalmayacaq”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Məhəmmədrza Mohseni Sani deyib.
Deputat Ukraynanın İranın suverenliyini pozduğunu iddia edərək, bunun qətiyyən cavabsız qalmayacağını bildirib.
Sanı qeyd edib ki, Xəzərlə bağlı məsələlər Azərbaycan, Türkmənistan, Qazaxıstan, Rusiya və İran tərəfindən həll olunmalıdır:
“Xəzər dənizində təhlükəsizlik sahilyanı beş ölkə arasında imzalanmış konvensiyaya uyğun və qonşu dövlətlərlə qarşılıqlı əməkdaşlıq çərçivəsində təmin edilməlidir”.
Xatırladaq ki, Ukrayna Xəzər dənizində Rusiyaya silah-sursat daşıdığını bildirdiyi İran hərbi gəmisini vurub. Tehran bundan sonra bəyan edib ki, hücum nəticəsində bir dənizçi həlak olub, biri isə yaralanıb. Tehran gəmiyə hücumu “təcavüz aktı” adlandıraraq, buna cavab verəcəyini bəyan edib. Ukrayna Prezidenti Volodimir Zelenski İranın mümkün addımlarına hazır olduqlarını açıqlayıb.