BAKI, 11 iyun. TELEQRAF
İqtisadi zonada istehsal olunan məhsulların ən azı 75 faizi Azərbaycanın hüdudlarından kənara ixrac edilməlidir.
Teleqraf xəbər verir ki, bu barədə Ələt-Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" adlı tədbirdə çıxışında deyib.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri kiçik və orta bizneslərin əsasən yerli bazara yönəlmiş şəkildə formalaşmasının qarşısını almaqdır:
“Eyni zamanda iqtisadi zonada fəaliyyət göstərən müəssisələrlə ölkənin əsas iqtisadiyyatında fəaliyyət göstərən müəssisələr arasında ədalətsiz rəqabətin yaranmaması da mühüm amildir.
Çünki iqtisadi zonada fəaliyyət göstərən şirkətlər vergi və gömrük rüsumlarından azad olmaq kimi güzəştlərə malik olacaqlar. Bu isə yerli bazarda fəaliyyət göstərən şirkətlər üçün ciddi rəqabət təzyiqi yarada bilər. Məhz buna görə də biz yüksək əlavə dəyərli, ixracyönümlü istehsal modelini seçirik. Bəzən bu yanaşmaya tənqidlər də olur. Lakin beynəlxalq təcrübə göstərir ki, bu model uğurlu nəticələr verir”.