BAKI, 4 iyun. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İran uranın zənginləşdirilməsini dayandırsa və yüksək zənginləşdirilmiş nüvə materialı ehtiyatlarından imtina etsə belə, Vaşinqton Tehrana qarşı tətbiq olunan bütün sanksiyaları ləğv etməyəcək.
Teleqraf xəbər verir ki, Rubio ABŞ Konqresinin Senatında keçirilən dinləmələr zamanı deyib ki, İran yalnız müəyyən məhdudiyyətlərin yumşaldılmasına və ya qismən ləğvinə ümid edə bilər.
Onun sözlərinə görə, Vaşinqton İranın danışıqlar masasına qayıtmasını, yüksək zənginləşdirilmiş uranın utilizasiyasını qəbul etməsini və nüvə yanacağının zənginləşdirilməsi proqramını məhdudlaşdırmasını və ya tamamilə dayandırmasını istəyir.
“Bunun müqabilində onlar nüvə proqramına görə tətbiq edilən bəzi sanksiyaların yumşaldılması və ya ləğvini əldə edə bilərlər. Lakin söhbət bütün sanksiyalardan deyil, yalnız bir hissəsindən gedir”, – Rubio bildirib.
ABŞ dövlət katibi vurğulayıb ki, mümkün razılaşmanın şərtləri İranın hansı addımları atacağından asılı olacaq.
“Onlar nəsə təqdim etməlidirlər və bütün bunlar yoxlanıla bilən olmalıdır. Yüksək zənginləşdirilmiş uranın çıxarılması yoxlanıla bilər, çünki o çıxarıldıqdan sonra artıq mövcud olmur. Zənginləşdirmə prosesinə nəzarət isə istənilən razılaşmanın uğuru üçün həlledici əhəmiyyət daşıyacaq”, – o qeyd edib.