BAKI, 13 iyun. TELEQRAF

ABŞ-nin bir neçə ştatının baş prokurorları ChatGPT çat-botunun yaradıcısı olan "OpenAI" şirkəti ilə bağlı araşdırmaya başlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, iyunun 12-də şirkətə geniş həcmli hüquqi sorğu göndərilib. Sorğuda "OpenAI"dan şirkətin siyasəti, reklam fəaliyyəti, istehlakçı məlumatlarının emalı, dərin öyrənmə modelləri, eləcə də azyaşlılar və yaşlı insanlarla bağlı fəaliyyəti barədə sənədlərin təqdim edilməsi tələb olunub.

"OpenAI" nümayəndəsi nəşrə açıqlamasında bildirib ki, şirkət ştatların baş prokurorlarının narahatlıqlarına ciddi yanaşır və konstruktiv əməkdaşlığa hazırdır.

Qəzet xatırladır ki, 2025-ci ilin dekabrında ABŞ-nin 42 ştatının baş prokuroru "OpenAI", "Meta", "Google", "Anthropic" və "xAI" şirkətlərinə məktub göndərərək həssas istifadəçilərin çat-botlarla potensial təhlükəli qarşılıqlı əlaqədən qorunmasını tələb etmişdi.

Baş prokurorlar xəbərdarlıq etmişdilər ki, generativ süni intellektlə ünsiyyətin insanı cinayət törətməyə sövq etdiyi müəyyən olunarsa, texnologiya şirkətləri hüquqi məsuliyyətə cəlb edilə bilər.