ŞUŞA, 13 iyun. TELEQRAF

XXI əsrdə müxtəlif ölkələr fərqli problemlər və çağırışlarla üzləşiblər. Rəqabət sahəsinin qarşısında da getdikcə yeni çağırışlar yaranır.

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası və Rəqabət Forumunda çıxışında deyib.

“Bu gün biz milli səviyyədə çox güclü iqtisadi tendensiyaların, bəzi ölkələrin iqtisadi təsir imkanlarının artdığını, eləcə də bərabərsizliklərin mövcud olduğunu görürük. Bunlar son dərəcə vacibdir.

Müasir dünyada iqtisadiyyatların sərhədi yoxdur. Dövlətlər müəyyən sərhədlər daxilində fəaliyyət göstərsələr də, iqtisadi proseslər bu sərhədləri çoxdan aşıb. Buna görə də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəqabət qurumlarının birgə işləməsi və müxtəlif istiqamətlərdə əməkdaşlıq etməsi mühüm əhəmiyyət daşıyır”, - deyə o bildirib.

B.Küle əlavə edib ki, rəqabət qurumları arasında əməkdaşlıq artıq dərinləşir:

“Bu, xüsusilə investisiyaların təşviqi baxımından vacibdir. Bütün ölkələr daha çox birbaşa xarici investisiya cəlb etmək istəyir və biz də qardaş və tərəfdaş ölkələrimizə daha çox investisiya axınının şahidi olacağımıza inanırıq”.