ŞUŞA, 13 iyun. TELEQRAF

Qarabağın işğaldan azad olunması regionun gələcək inkişafı baxımından tarixi əhəmiyyət daşıyır.

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumunda çıxışında deyib.

O qeyd edib ki, bu hadisə yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda Türk dünyasında strateji əməkdaşlıq, inteqrasiya və iqtisadi əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradıb:

“Azad edilən ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Böyük Qayıdış Proqramı çərçivəsində şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur formalaşdırılır.

Bu prosesdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin artan marağı və müxtəlif sahələr üzrə əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə mühüm töhfə verir.

Azərbaycanın təşkilata sədrlik etdiyi dövrdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəqabət qurumları rəhbərlərinin forum çərçivəsində bir araya gəlməsi regional iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.