BAKI, 13 iyun. TELEQRAF
ABŞ administrasiyası Vaşinqton və Tehran arasında münaqişənin dayandırılması ilə bağlı razılaşmanın əldə olunmasına çox yaxın olunduğunu və tərəflərin yaxın günlərdə ilkin anlaşma memorandumu imzalaya biləcəyini hesab edir.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyinə amerikalı rəsmi şəxs məlumat verib.
Onun sözlərinə görə, danışıqlar prosesi ABŞ üçün əlverişli nəticələr vəd etsə də, yekun razılaşma hələ əldə olunmayıb.
Mənbə bildirib ki, nəzərdə tutulan memorandum İranın Hörmüz boğazında normal gəmiçiliyin bərpası üçün addımlar atmasını, ABŞ-nin isə İrana qarşı tətbiq etdiyi dəniz blokadasını dayandırmasını ehtiva edir.
Sənəddə həmçinin İranın nüvə proqramının ləğvi, zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsi və ölkədə beynəlxalq yoxlamaların aparılması ilə bağlı müddəaların yer aldığı qeyd olunub.
Amerikalı rəsmi vurğulayıb ki, İran saziş üzrə öhdəliklərini yerinə yetirəcəyi təqdirdə, ona qarşı iqtisadi təzyiqlər tədricən azaldılacaq.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl Vaşinqton və Tehranın hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşma əldə etdiyini bildirmiş və anlaşma memorandumunun həftəsonu imzalana biləcəyini istisna etməmişdi.