BAKI, 13 iyun. TELEQRAF
ABŞ ilə ilkin anlaşmanın müddəalarının pozulması nüvə məsələsi də daxil olmaqla, yekun razılaşmanın da pozulmasına gətirib çıxaracaq.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Anlaşma memorandumunda göstərilənlər yerinə yetirilməsə, yekun razılaşma üzrə danışıqlar aparılmayacaq", - deyə o, dövlət televiziyasına müsahibəsində deyib.
Əraqçi ABŞ ilə danışıqların iki mərhələyə bölünəcəyini, İranın nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı məsələlərin yalnız ikinci mərhələdə - memorandumun imzalanmasından 60 gün sonra müzakirə olunacağını təsdiqləyib.
Nazir əlavə edib ki, İsrail İranla ABŞ arasında müqavilənin imzalanmasını pozmağa çalışır: “Bu müqavilənin düşmənləri var və onların başında sionist rejimi (İsrail - red) dayanır. Sionist rejimin müqaviləni pozmaq cəhdlərinin təfərrüatını sonradan açıqlayacağam. Əgər indi təfərrüatı araşdırmağa başlasaq, bu, gərginliyə səbəb olacaq və müqavilənin imzalanmasını təhlükə altına alacaq”