BAKI, 13 iyun. TELEQRAF
“Bu məktəbin məzunları hər il yüksək nəticələr göstərir, onların demək olar ki, hamısı ali təhsil müəssisələrinə qəbul olunur, bir çoxu isə xarici universitetlərdə təhsil almaq imkanı qazanır”.
Teleqraf xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov 6 nömrəli liseydə keçirilən “Son zəng” tədbirində səsləndirib.
Nazir müavini məzunları təbrik edərək bildirib ki, bu gün onlar həyatlarının yeni mərhələsinə qədəm qoyurlar:
“Bu məktəbin məzunu olmaq həm böyük şərəf, həm də məsuliyyətdir. Bu il məktəbi 144 məzun bitirir. Mən məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram, inanıram ki, ölkənin gələcək inkişafını məhz savadlı və təşəbbüskar gənclər təmin edəcəklər.
Dünya sürətlə inkişaf edir və ölkənin bu inkişaf tempinə uyğunlaşması üçün sizin kimi gənclərə ehtiyac var.
İstərdim ki, sevdiyiniz işlə məşğul olaraq xoşbəxt olasınız. Sizdə olan nikbinlik bizi ruhlandırır”,- F.Qurbanov vurğulayıb.