ŞUŞA, 13 iyun. TELEQRAF
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilib.
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, iclasda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin rəqabət orqanlarının təmsilçiləri çıxış edib, iclasın yekunlarına dair birgə kommünike imzalanıb.
İclasda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajan, Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle, Özbəkistanın Rəqabətin İnkişafı və İstehlakçı Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Xalilillo Turaxujayev, Qazaxıstanın Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi sədrinin müavini Bolat Sambetov, Qırğızıztanın İqtisadiyyat və Kommersiya Nazirliyi yanında Antiinhisar Tənzimləmə Xidməti sədrinin müavini Nurjan Kadirbekova, Macarıstan Rəqabət Qurumunun rəhbəri Ksaba Balaş Riqo, Şimali Kipr Türk Respublikasının Rəqabət Şurasının sədri Şifa Kırmızıgil iştirak ediblər.
İclas çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlər rəqabət siyasəti sahəsində öz praktikalarını bölüşüblər, qarşılıqlı əməkdaşlığı dəstəkləyən təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.
Sonda Türk Dövlətləri Təşkilatının rəqabət qurumları rəhbərlərinin 3-cü iclasının yekunlarına dair birgə kommünike imzalanıb. Sənəd gələcək dövr üçün ortaq fəaliyyət prioritetlərini müəyyənləşdirərək rəqabət siyasəti sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.
***
09:06
Şuşada Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilir.
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilir.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının rəqabət qurumlarının rəhbərləri və yüksək vəzifəli təmsilçiləri, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini, eləcə də aidiyyəti dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak edir.
Tədbir zamanı TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında əməkdaşlığın genişləndirilməsi, rəqabət siyasətinin tətbiqi və regional inteqrasiyanıngücləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.