BAKI, 13 iyun. TELEQRAF
İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində HƏMAS hərəkatına məxsus olduğu bildirilən silah anbarlarına zərbə endirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbənin hədəfi Fələstinin HƏMAS hərəkatının silahlı dəstələri tərəfindən silahların saxlanılması üçün istifadə olunduğu iddia edilən üç obyekt olub.
İsrail ordusunun açıqlamasında qeyd edilib ki, anbarlarda minaatan mərmiləri, tank əleyhinə qumbaraatanlar, partlayıcı qurğular, atıcı silahlar və digər silah-sursat saxlanılıb.
SAXAL-ın məlumatına əsasən, həmin silahlar Qəzza zolağında fəaliyyət göstərən İsrail hərbçilərinə və İsrailin mülki əhalisinə təhdidin aradan qaldırılması məqsədilə məhv edilib.
Qeyd edək ki, məlumat İsrail ordusunun açıqlamasına əsaslanır.