BAKI, 13 iyun. TELEQRAF

İsrail gələcəkdə də İrana qarşı müstəqil hərəkət etmək imkanını qorumaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats Vaşinqton və Tehran arasında aparılan danışıqları şərh edərkən bildirib.

Nazir sosial şəbəkədəki paylaşımında qeyd edib ki, İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün gələcəkdə də müstəqil fəaliyyət göstərmək imkanını təmin etməlidir.

"Baş nazir Benyamin Netanyahu ilə birlikdə İsrail Müdafiə Qüvvələrinə buna uyğun hazırlıq görülməsi barədə tapşırıq vermişik", - o yazıb.

İsrael Kats ABŞ Prezidenti Donald Trampın İranla danışıqları ABŞ-nin maraqları, o cümlədən İranın nüvə silahı əldə etməsinin qarşısının alınması ilə bağlı İsraillə ortaq maraqlar çərçivəsində apardığını bildirib.

Onun sözlərinə görə, İsrail Vaşinqtonun bu prinsipə, həmçinin raket proqramı və terror qruplaşmalarının fəaliyyəti ilə bağlı digər prinsiplərə sadiq qalacağını gözləyir.

Qeyd edək ki, İsrail daha əvvəl də İranla mümkün razılaşmanın Tehranın nüvə proqramının dayandırılmasını, ballistik raket proqramının məhdudlaşdırılmasını və Yaxın Şərqdə müttəfiq qüvvələrə dəstəyin azaldılmasını ehtiva etməli olduğunu bəyan edib.