BAKI, 13 iyun. TELEQRAF

İngiltərə milli futbol komandası dünya çempionatı zamanı oğurluq hadisəsi ilə üzləşib.

Teleqraf xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Məlumata görə, komandanın ABŞ-nin Kanzas-Siti şəhərində keçirməli olduğu ilk məşqdən əvvəl futbolçuların oyun butsları, turnirin rəsmi topları və vacib məşq ləvazimatları furqondan oğurlanıb.

Mənbələrin bildirdiyinə görə, qalan yüklər arasında cəmi bir futbol topu saxlanılıb. Həmçinin komandanın lider oyunçuları Harri Keyn və Cud Bellinqemin butslarının da itkin düşdüyü ehtimal edilir.

Nəşr yazır ki, təhlükəsizlik əməkdaşları oğurluqda avadanlıqların daşınması həvalə olunan sürücülərin iştirak edə biləcəyini istisna etmirlər.

Hazırda İngiltərə Futbol Assosiasiyası oğurlanmış əşyaların tapılması üçün yerli polis orqanları ilə əməkdaşlıq edir.

Qeyd edək ki, İngiltərə millisi dünya çempionatındakı ilk oyununu iyunun 17-də Xorvatiya yığmasına qarşı keçirəcək. Komanda daha sonra Qana və Panama milliləri ilə qarşılaşacaq.