BAKI, 13 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp futbol üzrə ölkə millisinin baş məşqçisi Maurisio Poçettino ilə dünya çempionatının ilk oyunu ərəfəsində telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ millisinin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
Tramp telefon danışığı zamanı argentinalı mütəxəssisi yüksək qiymətləndirərək komandaya uğurlar arzulayıb.
“Mən bilirəm ki, siz əla məşqçisiniz və böyük uğurlara imza atmısınız. Komandanın da güclü futbolçuları var. Düşünürəm ki, turnirdə sona qədər irəliləmək üçün yaxşı şanslarımız var. Sizə uğurlar arzulayıram”, - ABŞ Prezidenti bildirib.
ABŞ millisi ev sahibliyi etdiyi dünya çempionatındakı ilk oyununda Paraqvay yığması ilə qarşılaşacaq.
Maurisio Poçettino isə dəstəyə görə Trampa təşəkkür edərək komandanın azarkeşlərin etimadını doğrultmaq üçün əlindən gələni edəcəyini bildirib.
Qrup mərhələsində ABŞ millisi Avstraliya və Türkiyə yığmaları ilə də üz-üzə gələcək.