BAKI, 13 iyun. TELEQRAF

Türk dövlətləri arasında qarşılıqlı ticarətə maneələrin aradan qaldırılması məqsədilə birgə ekspert qruplarının yaradılması vacibdir.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi sədrinin müavini Bolat Sambetov "Türk Dövlətləri Təşkilatı Ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu"nda çıxışında deyib.

B.Sambetov bildirib ki, bu, xüsusilə nəqliyyat və logistika dəhlizlərində mövcud problemlərin həllini, malların sərbəst hərəkətini məhdudlaşdıran gizli infrastruktur maneələrinin, marşrutlara və ya logistika mərkəzlərinə ayrı-seçkilik xarakterli çıxış məhdudiyyətlərinin aradan qaldırılmasını əhatə edir.

“Antiinhisar norma və qaydalarının uyğunlaşdırılması, bazar konsentrasiyasının qiymətləndirilməsi və şirkətlərin dominant mövqeyinin müəyyənləşdirilməsi üzrə vahid yanaşmaların hazırlanması, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birləşmə və satınalmalar (M&A) sahəsində uğurlu təcrübələrinin, eləcə də müvafiq uyğunluq (compliance) mexanizmlərinin tətbiqinin öyrənilməsi və uyğunlaşdırılması da mühüm əhəmiyyət daşıyır.

Bu təkcə təcrübə mübadiləsi üçün deyil, həm də rəqabət siyasəti sahəsində ümumi peşəkar məkanın formalaşdırılması üçün möhkəm zəmin yaradır”, -deyə o əlavə edib.