BAKI, 13 iyun. TELEQRAF

ABŞ-nin süni intellekt şirkəti "Anthropic" hökumətin tələbi əsasında ən qabaqcıl süni intellekt modellərinə xarici vətəndaşların çıxışını dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda bildirilib.

Məlumata görə, ABŞ hakimiyyəti milli təhlükəsizlik səbəblərini əsas gətirərək ixrac nəzarəti ilə bağlı göstəriş verib. Sənədə əsasən, "Fable 5" və "Mythos 5" adlı süni intellekt modellərinə ABŞ-dən kənarda yaşayan xarici vətəndaşlarla yanaşı, ölkə daxilindəki əcnəbilərin, o cümlədən "Anthropic"də çalışan xarici vətəndaşların da çıxışı məhdudlaşdırılmalıdır.

Şirkət bildirib ki, göstəriş iyunun 12-də axşam saatlarında alınıb və buna görə sözügedən modellərdən istifadə bütün istifadəçilər üçün təcili şəkildə dayandırılıb.

"Anthropic" qeyd edib ki, hökumətin məktubunda milli təhlükəsizliyə dair konkret təhdidlər barədə məlumat yer almayıb. Şirkətə yalnız şifahi şəkildə modellərin qoruma mexanizmlərindən yan keçməyə imkan verən müəyyən üsulun aşkarlandığı bildirilib.

Bununla belə, "Anthropic" belə məhdud xarakterli zəifliyin yüz milyonlarla insanın istifadə etdiyi kommersiya məhsulunun geri çağırılması üçün əsas hesab edilməməli olduğunu vurğulayıb.

Qeyd edək ki, "Anthropic" 2021-ci ildə "OpenAI" şirkətinin keçmiş əməkdaşları tərəfindən yaradılıb və süni intellekt sahəsində aparıcı şirkətlərdən biri hesab olunur. Şirkət təhlükəsiz və etik süni intellekt sistemlərinin hazırlanmasına üstünlük verdiyini bəyan edir.