BAKI, 13 iyun. TELEQRAF

ABŞ paytaxtındakı Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzinin fasadından Prezident Donald Trampın adının götürülməsi prosesini izləmək üçün onlarla insan bina önünə toplaşıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS-ın Vaşinqtondakı müxbiri məlumat yayıb.

Bildirilib ki, toplaşanların əksəriyyəti ABŞ-nin hazırkı prezidentinin siyasətinə etiraz edən şəxslərdir. Onların bir qismi Trampa qarşı müxtəlif şüarların yazıldığı plakatlar daşıyıb.

Hadisə yerində çoxsaylı yerli və xarici media nümayəndələri, eləcə də televiziya kanallarının çəkiliş qrupları fəaliyyət göstərib.

Məlumata görə, hazırda Trampın adı hələ də binanın fasadında qalır. Binanın qarşısında tikinti qurğuları quraşdırılsa da, yazının sökülməsi işlərinə başlanılmayıb.

Buna səbəb kimi ABŞ Ədliyyə Nazirliyinin mərkəzin administrasiyası adından apellyasiya məhkəməsinə müraciət edərək, mərkəzin əvvəlki adının bərpa olunması barədə qərarın icrasının təxirə salınmasını istəməsi göstərilir.

Qeyd edək ki, 2025-ci il dekabrın 18-də mərkəzin idarə heyəti kompleksin adının dəyişdirilərək Con Kennedi və Donald Tramp adına İfaçılıq Sənətləri Mərkəzi adlandırılması barədə qərar qəbul etmişdi. Lakin məhkəmə bu qərarın səlahiyyət həddini aşdığını bildirərək kompleksin əvvəlki adının bərpa olunmasına göstəriş verib.