BAKI, 18 mart. TELEQRAF
İran ətrafındakı münaqişə fonunda aviasiya yanacağının bahalaşması dünya üzrə aviadaşıyıcıların xərclərini kəskin artırıb, bu isə biletlərin qiymətinin yüksəlməsinə, marşrutların ixtisarına və reys cədvəllərində pozuntulara səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, martın 17-də dünyanın aparıcı aviaşirkətləri ABŞ, İsrail və İranın iştirak etdiyi hərbi münaqişə səbəbindən yanacaq qiymətlərindəki sıçrayışın xərcləri ciddi şəkildə artırdığını açıqlayıblar. Şirkətlər tarifləri artırmaq və marşrut şəbəkəsini optimallaşdırmaq məcburiyyətində olduqlarını vurğulayıblar.
"Delta Air Lines"in rəhbəri Ed Bastian bildirib ki, yalnız mart ayında şirkətin əlavə yanacaq xərcləri 400 milyon dollara çata bilər. Onun sözlərinə görə, sektor artıq bu xərclərin bir hissəsini aviabiletlərin qiymətinə əlavə etməyə başlayıb.
Oxşar vəziyyət "American Airlines" tərəfindən də təsdiqlənib. Şirkət birinci rübdə xərclərin təxminən 400 milyon dollar artacağını proqnozlaşdırır.
Avropa aviadaşıyıcıları da vəziyyətə operativ reaksiya verib. "Scandinavian Airlines" bəzi reyslərin ixtisar edildiyini açıqlayaraq yanacağın kəskin və qəfil bahalaşdığını bildirib. Şirkət Avropanın bütün aviasiya sisteminin ciddi təzyiq altında olduğunu qeyd edib.
Münaqişə qlobal aviasiya sisteminə ciddi təsir göstərib. Yaxın Şərqdə geniş hava məkanının raket və pilotsuz uçuş aparatları təhlükəsi səbəbindən bağlanması çoxsaylı reyslərin ləğvinə, gecikmələrə və marşrut dəyişikliklərinə gətirib çıxarıb.
İrana zərbələrin başlanmasından sonra Avropada aviasiya yanacağının qiyməti iki dəfə, Asiyada isə təxminən 80 faiz artıb. Yanacaq əməkhaqqından sonra aviaşirkətlərin ikinci ən böyük xərci olaraq əməliyyat xərclərinin dörddə birinə qədərini təşkil edir.
Bu fonda bəzi ölkələr artıq hava daşımalarının azalması riskləri barədə xəbərdarlıq edir. Məsələn, Vyetnam hakimiyyəti Çin və Tayland tərəfindən yanacaq ixracının dayandırılmasından sonra apreldən etibarən reyslərin sayının azala biləcəyini bildirib.
Birləşmiş Ərəb Əmirlikləri isə hücum təhlükəsi səbəbindən hava məkanını müvəqqəti bağlayıb və pilotsuz aparatlarla bağlı insidentlər Dubay hava limanının fəaliyyətinə təsir göstərib.
Avropada da nəticələr hiss olunur. Frankfurt hava limanında münaqişənin ilk iki həftəsində reyslərin ləğvi təxminən 86 min sərnişinə təsir edib, Yaxın Şərqlə uçuşların sayı isə adi səviyyənin üçdə birinə enib.
Ekspertlərin fikrincə, mövcud vəziyyət COVID-19 pandemiyasından bəri aviasiya sektoru üçün ən böyük çağırışlardan biridir.