BAKI, 18 mart. TELEQRAF
Fars körfəzi ölkələri ABŞ Prezidenti Donald Trampı İrana qarşı daha sərt tədbirlər görməyə çağırıb.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, region ölkələri Vaşinqtonu İranı birdəfəlik zərərsizləşdirməyə səsləyir.
Məlumata görə, Fars körfəzi ölkələrində İranın “bütün qırmızı xətləri keçdiyi” fikri geniş yayılıb.
Fars körfəzi Tədqiqat Mərkəzinin rəhbəri Əbdüləziz Sager bildirib ki, əvvəlcə region dövlətləri münaqişənin diplomatik yolla həllinin tərəfdarı idi. Lakin İranın bir sıra hücumlarından sonra onların mövqeyi dəyişib.
Onun sözlərinə görə, ölkələr vəziyyətin daha da gərginləşəcəyi halda Hörmüz boğazının bağlanması ehtimalından narahatdır.
Qeyd edək ki, daha əvvəl Füceyra limanında dron hücumu nəticəsində neft əməliyyatlarının bir hissəsi dayandırılıb. Həmçinin Dubay və Manamada “Citibank”ın bölmələrinin İran pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığı bildirilirdi.