BAKI, 18 mart. TELEQRAF

ABŞ Konqresinin Nümayəndələr Palatası Ədliyyə Nazirliyinin rəhbəri Pam Bondini Ceffri Epşteyn işi ilə bağlı ifadə vermək üçün çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin sədri Ceyms Komer açıqlama yayıb.

Məlumata görə, qanunvericilər Pam Bondiyə Ədliyyə Nazirliyinin Epşteyn işi üzrə istintaqı necə apardığı barədə ifadə verməsini tələb edən rəsmi çağırış göndəriblər. Sənəddə qeyd olunur ki, o, 14 aprel tarixində Konqres qarşısında çıxış etməlidir.

Bundan əvvəl komitə Bondinin mümkün sənəd gizlədilməsi ilə bağlı ifadə verməsi üçün çağırılmasını nəzərdə tutan qətnaməni dəstəkləyib. Qətnamənin müəllifi olan konqres üzvü Nensi Meys bildirib ki, Ədliyyə Nazirliyi hələ də Ceffri Epşteyn işi ilə bağlı 65 min sənəd və 2 min video materialı açıqlamayıb.