BAKI, 18 mart. TELEQRAF

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ukraynaya ayrdığı 26 milyard dollarlıq yardımın təqdim olunması zamanı hesabatlılıq pozuntuları müəyyən edilib.

Teleqraf xəbər verir ki, bu barədə USAID-in baş inspektor aparatının rəhbər müavini Adam Kaplan bildirib.

Onun sözlərinə görə, agentliyin Ukraynada birbaşa büdcə dəstəyinə nəzarət etmək üçün cəlb etdiyi podratçılar ya hesabatları vaxtında təqdim etməyib, ya da ümumiyyətlə təqdim etməyiblər.

Kaplan bu açıqlamanı ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində keçirilən dinləmələr zamanı səsləndirib. Dinləmələr ABŞ-nin müxtəlif ölkələrə, o cümlədən bu agentlik vasitəsilə göstərdiyi yardımlar zamanı baş verən pozuntulara həsr olunub.

O həmçinin qeyd edib ki, Vaşinqton administrasiyası daha əvvəl Ukrayna da daxil olmaqla səkkiz ölkəyə auditorlar göndərərək ayrılmış vəsaitlərin istifadəsini yoxlayıb. Kaplan əlavə edib ki, agentliyin baş inspektor aparatında çalışan cinayət işləri üzrə müstəntiqlər Kiyevdə fəaliyyət göstərir və Ukraynaya göstərilən qeyri-hərbi yardımlarla bağlı dələduzluq və korrupsiya halları üzrə araşdırmalar aparır.

Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.