BAKI, 18 mart. TELEQRAF
Dövlət İmtahan Mərkəzi (DİM) martın 15-də keçirilən 11-ci siniflərin buraxılış imtahanında Riyaziyyat fənni üzrə suallardan birinin Türkiyənin Temel Yeterlilik Testi (TYT) kitabından tərcümə olunaraq salındığı iddialarına aydınlıq gətirib.
DİM-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan konkret məsələ ilə bağlı yayılan məlumatlar hazırda akademik etika prinsipləri və ekspertlərin müqavilə öhdəlikləri baxımından araşdırılır.
"Müraciətinizdə bəhs etdiyiniz tapşırığın tərtibində əsas məqsəd konkret mətn və ya sxem deyil, abituriyentlərin yoxlanılan riyazi bilik və bacarıqlarının (məntiqi düşünmə, məsafə-sürət-zaman əlaqələrini tətbiq etmə və analitik hesablamalar aparma qabiliyyətinin) qiymətləndirilməsidir".
Sualların hazırlanma mexanizminə gəlincə, DİM fənlər üzrə test bankına daxil edilən tapşırıqların ölkəmizin orta və ali təhsil müəssisələrində çalışan müəllimlər və müvafiq sahə üzrə mütəxəssislər tərəfindən hazırlandığını qeyd edib.
"Tapşırıqların hazırlanması zamanı beynəlxalq qiymətləndirmə təcrübəsi və dünya praktikasında istifadə olunan klassik model məsələlər də nəzərə alınır.
Riyaziyyat kimi fəndə bir çox tapşırıq növləri klassik modellərə əsaslanır və son onilliklərdə müxtəlif ölkələrin tədris və imtahan materiallarında oxşar məntiqə malik çox sayda məsələlərə rast gəlinə bilər".
