BAKI, 18 mart. TELEQRAF
Türk mediasının öncül simalarından biri, iş adamı və yazıçı Esra Oflaz Güvenkaya Teleqraf İnformasiya Agentliyinin suallarını cavanlandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Esra xanım, Azərbaycana gəlmisinizmi? Ölkəmiz haqqında fikirlərinizi eşitmək istərdik...
- Pandemiyada Azərbaycana bir dəfə gəlmişdim və Bakını çox bəyəndim. Xüsusilə, qonaqpərvərliyiniz və insanların xoş niyyətli, səmimi olması məni çox təsirləndirdi. Gözəl və təmiz şəhərdir, Bakıya yenidən gəlmək istərdim. Oraya gəlmək üçün bir neçə dəfə dəvət almışam, amma zaman uyğun gəlmədiyinə görə gələ bilməmişəm. İnşallah, bu il həmin konfranslardan birinə qatılmaq fürsəti taparam.
Bakıda olan dəyərli oxucularıma ən səmimi sevgilərimi çatdırıram və demək istəyirəm ki, siz heç vaxt tək deyilsiniz. Gəlin, bir-birimizi dəstək və gözəlliklərlə ucaldaq, həyatın işığını paylaşaq.
- Sizin müəllifi olduğunuz "Keçid: Mənim Hekayəm və sonrası (“Geçit: Hikayem ve Ötesi”) kitabının ideyası necə yarandı?
- Əslində, heç vaxt kitab yazmaq kimi bir arzum olmayıb. Öz zəhmətimlə qurduğum uğurlu media karyeram, televiziya kanalları səbəbilə diqqət mərkəzində yaşadığım sakit bir həyatım vardı. Həyatımın bilinməyən tərəfi haqqında isə heç vaxt danışmamışam və uşaqlığımın ağrılı səhnələrini yaddaşımın ən gizli künclərinə həbs etmişdim. Uşaqlıqdan qəlbimin səsini, hisslərimi dinləyən bir insan olmuşam.
2018-ci ildə məndə belə bir kitab yazmaq ideyası yarananda təəccübləndim. Həmin il yaşadığım ailə faciəsi səbəbiylə beynimə qan sızdı. Möcüzə nəticəsində sağ qaldım.
Dəfələrlə ölümlə üz-üzə qalmışam, hətta 18 yaşımda ölümə yaxın bir durumdan da keçmişəm. Görünənin arxasında mənim vasitəmlə gün işığına çıxmağı gözləyən çox sayda hadisələr vardı. Yaşadığım hadisəni və insanı dəyişdirən güc səbəbilə bu kitabı ölmədən əvvəl yazmalı olduğumu hiss etdim. Beləcə, heç bir qaralama etmədən, sanki ilahi bir təsadüf kimi kitabımı yazdım.

Mənim üçün uşaqlıq və gənclik illərimin travmalarını, ağrılı xatirələri və gizli saxladığım ailə sirlərini yada salmaq və onları oxucularla bölüşmək çətin idi. Lakin başa düşdüm ki, yaşadıqlarımı bölüşməliyəm. Mənim kitabım nə bioqrafiyadır, nə xronoloji ardıcıllıqla yazılmış bir həyat hekayəsi, nə də karyera tarixçəsidir. Bu kitab bir növ mənəvi səyahət hekayəsidir.
Mən beş dəfə ölümdən dönmüşəm. Onlardan biri ölümə yaxın vəziyyət olmaqla yanaşı, iki dəfə bədəndənkənar təcrübə də yaşamışam. Görünən dünyanın o tərəfində yaşadıqlarımın hekayəsi bəzi insanlara kədərli görünə bilər, amma bir çoxlarına da tanış gələcək və ilham verəcək. Hələ də yaşayıramsa, deməli, sabaha qalmaq üçün bir səbəbim var. Yaşadıqlarımı qəlbimdə hiss etdim və oxucularımın da bunu xatırlamasına və öz daxili aləmləri ilə əlaqə qurmasına vasitə olmaq istədim.
- Bir yazıçı kimi oxucularınızın fikri sizin üçün nəyi ifadə edir?
- İlk növbədə qeyd edim ki, oxucularımın reaksiyası məni inanılmaz dərəcədə xoşbəxt edir və “yaxşı ki, bu kitabı yazmışam” deyə düşünərək qəlbimdə dərin bir məmnunluq hissi oyadır. Çünki kitab minlərlə insanın həyatına toxuna bilib. Bu kitab bir çox insan üçün dəyərli oxu mənbəyinə çevrilib. Yaşadığım çətinliklər, apardığım mübarizə kitab vasitəsiylə insanların həyatına istiqamət verib və onları daha da gücləndirib. Kitabım “O bacardısa, mən də bacararam” düşüncəsi ilə insanlara ilhamlandırıb.
Bəziləri üçün isə bir növ şəfa olub və çəkilən taleyüklü ağrılara daha dərin, müqəddəs bir anlam qazandırıb. Sosial şəbəkələrdə mənə müraciət edən insanlara cavab verməyə çalışıram, çünki bunu mənəvi bir məsuliyyət sayıram.
- Türkiyədən Londona köçmək səbəbiniz nə idi? Bu addım sizin üçün hansı yeni imkanların və perspektivlərin yaranmasına səbəb oldu?
- Qızımın təhsili üçün Londona köçdüm. Qızım türk, ingilis və ispan dillərində ana dili səviyyəsində danışır, buna görə də dil baxımından heç bir çətinlik yaşamayıb. Mən qızımı qlobal düşüncəli, dünyaya açıq bir insan kimi böyütmək istəyirdim. Artıq yeddi ildir Londonda yaşayırıq və inşallah, bu il universitetə daxil olacaq. Hazırda liseydə iqtisadiyyat, siyasət, eləcə də ispan dili və ədəbiyyatı üzrə təhsil alır.
Londona köçdükdən sonra qlobal marketinq sahəsində biznesimi burada da qurmağa başladım. Dörd il əvvəl isə yeni dövrün - mənim “5-ci çağ” adlandırdığım mərhələnin başlanğıcı kimi gördüyüm süni intellekt sahəsini əvvəl öyrənməyə, sonra isə bu sahəyə investisiya qoymağa qərar verdim. Düzü, Londondakı bu yeni və çağırışlarla dolu təşəbbüslər məni çox ilhamlandırdı.
- Sizcə, media qurumları texnoloji transformasiyaya necə uyğunlaşmalıdır?
- Ənənəvi medianın hökm sürdüyü illərdə MTV, Eurosport, Nickelodeon və Lifetime kimi qlobal tematik kanalları Türkiyəyə gətirdim, onların yerli versiyalarını quraraq media məkanında yeni bir mərhələnin əsasını qoydum. Lakin zaman keçdikcə media dünyası sürətlə dəyişməyə başladı və bu dəyişikliklər məni VOD və rəqəmsal media investisiyalarına yönəltdi. Platformalar bir-birini əvəz edir, texnologiyalar yenilənir, lakin bir həqiqət dəyişməz qalır: məzmun həmişə ən əsas amildir.
Tamaşaçıya çatma yolları dəyişib. İnsanlar artıq məzmunu müəyyən saatlarda deyil, istədikləri vaxt və istədikləri məkanda izləməyə üstünlük verirlər. Bu transformasiya yeni media dövrünün başlanğıcını gətirdi və zamanla “Citizen media” adlandırılan mərhələyə keçildi. Paralel olaraq Amazon və Apple kimi texnologiya nəhənglərinin media sektoruna böyük sərmayələr yatırması sənayenin strukturunu köklü şəkildə dəyişdirdi.
Bu prosesdə bir çox məzmun şirkəti mövcudluğunu qorumaq üçün birləşməyə məcbur oldu. Paramount, Sky və Warner Bros, Discovery kimi iri şirkətlərin konsolidasiyası bəzi ekspertlər tərəfindən “studiya dövrünün sonu” kimi qiymətləndirilsə də, mən bunu daha çox dəyişən şəraitə uyğunlaşma prosesi kimi görürəm.
Mən bu gün də inanıram ki, məzmun həmişə kral olacaq...

Bununla belə, süni intellekt artıq media sektorunun ayrılmaz hissəsinə çevrilib. Vizual effektlər, ssenari yazımı və aşağı büdcəli çəkilişlər süni intellekt sayəsində inanılmaz sürət və aşağı xərclə həyata keçirilə bilir. Lakin yaradıcılıq, səmimiyyət və autentiklik baxımından süni intellekt hələ də insanın yaratdığı dərin emosional qatları əvəz edə bilmir. Buna görə də insan yaradıcılığı və həqiqi duyğular gələcəyin media dünyasında daha qiymətli olacaq.
Gələcəkdə platformalar istifadəçilərə öz məzmunlarını yaratmaq üçün daha geniş imkanlar təqdim edəcək. İnsanlar qısa formatlı istifadəçi məzmunları istehsal edəcək və eyni zamanda bu məzmunları istehlak edəcəklər. Bununla yanaşı, icmaların rolu daha da artacaq. İnsanlar ortaq maraq dairələri ətrafında birləşəcək və media məkanı getdikcə bu icmaların ətrafında formalaşacaq.
Şübhəsiz ki, süni intellekt mediada manipulyasiya risklərini də artırır. Eyni zamanda “həqiqəti axtaran maşınlar” da meydana çıxacaq. Artıq “gördümsə, deməli, doğrudur” dövrü geridə qalıb. Müasir tamaşaçı saxta ilə həqiqəti ayırd etməyi bacarmalı, informasiya qarşısında daha tənqidi düşüncə nümayiş etdirməlidir. Çünki gələcəyin media dünyasında ən böyük dəyər yalnız texnologiya deyil, həqiqətin özü olacaq.
- Azərbaycanlı yazıçılardan kimlərin əsərlərini oxumusunuz?
- Bir qədər utanaraq etiraf etməliyəm ki, hələlik azərbaycanlı yazıçıların heç birinin əsərlərini oxumaq fürsəti əldə etməmişəm. Lakin bunu özüm üçün bir vəd kimi qəbul edirəm. Bu söhbətdən sonra dərhal araşdırmağa başlayacaq və ölkənizin dəyərli yazıçılarının əsərləri ilə tanış olmağa çalışacam. İnanıram ki, onların yaradıcılığı ilə tanışlıq mənim üçün həm maraqlı, həm də zənginləşdirici bir ədəbi səyahət olacaq.
- Öz karyerasını qurmağa çalışan qadınlara ən vacib tövsiyəniz nə olardı?
- Mən inanıram ki, qadınların doğuşdan gələn ən güclü xüsusiyyətlərindən biri çoxşaxəli düşünmə qabiliyyəti və güclü intuisiya hissidir. Bu xüsusiyyətlər yalnız şəxsi həyatda deyil, iş və karyera yolunda da böyük üstünlük yarada bilər. İnandığınız, xəyalını qurduğunuz və əzmlə çalışdığınız sahədə irəliləyərkən yalnız məntiqə deyil, sezgilərinizə də güvənməyi öyrənin.
İnsan bəzən daxilindəki səsi dinlədikdə, doğru yolu daha aydın görə bilir. Müqəddəs olanla qurulan daxili bağ və güclü intuisiya bir araya gəldikdə, insanı doğru istiqamətə yönəldən görünməz bir bələdçi kimi çıxış edir. Mən öz həyatımda da bir çox təşəbbüsə məhz bu daxili hisslərimə və niyyətimə güvənərək başladım. Zaman keçdikcə isə həmin niyyətlərin və ideyaların gerçəyə çevrildiyini görmək mənə bir daha göstərdi ki, insan ürəkdən inandığı və sədaqətlə çalışdığı zaman arzular gerçəkləşə bilir.
Mən hər zaman böyük xəyallar qurmuşam və onları gerçəkləşdirmək üçün qorxmadan, yorulmadan çalışmışam. Bəzi xəyallarımın reallaşması isə illər tələb edib. Bu yolda qlobal media nəhəngləri ilə işləmək fürsəti qazandım. Mənim ən böyük arzum dünya miqyasında tanınan televiziya kanallarını Türkiyəyə gətirmək idi.
Karyerama isə ən sadə mərhələdən - təcrübəçi kimi işə başladım. Tamaşaçı məktublarına cavab yazdım, işin ən aşağı pillələrində çalışdım. Lakin gördüyüm heç bir işi kiçik hesab etmədim. Hər mərhələni öyrənmək və inkişaf etmək üçün bir imkan kimi qəbul etdim. Əvvəlcə Türkiyədə hansı ehtiyacın olduğunu düzgün müəyyənləşdirdim. Daha sonra yorulmadan qapılar döydüm. Bu səylər məni addım-addım irəli apardı - nümayəndəlikdən və podratçılıqdan başlayaraq media sahibinə qədər yüksəlməyə nail oldum.
Bu gün dünya daha da qloballaşıb və imkanlar sərhədləri aşaraq genişlənir. Azərbaycanlı qadınlar da sevdikləri sahədə eyni qətiyyət və inamla irəliləyə bilərlər. Bunun üçün ilk növbədə tələb və təklif balansını düzgün görmək, zamandan bir addım öndə düşünə bilən vizyoner olmaq, daim maraq göstərmək və yaxınlaşan yeni dövrün - beşinci çağın imkanlarını anlamaq böyük əhəmiyyət daşıyır.

Bu dövr bənzərsiz imkanlarla doludur, qarşıdakı illərdə bu imkanlar daha da artacaq. Süni intellekti öyrənmək, onu həyatın və işin bir parçasına çevirmək artıq seçim deyil, zərurətdir. Çünki qarşıda bizi gözləyən mərhələ təkcə rəqəmsal dövrdən daha böyük deyil, həm də ondan qat-qat sürətli olacaq. Belə bir dünyada cəsarətli olan, öyrənməkdən vaz keçməyən və xəyallarının arxasınca gedən insanlar yeni imkanların qapısını aça biləcəklər.
- “Heç bir həyat kənardan göründüyü kimi deyil” ifadəsiylə nəyə diqqət çəkmək istəmisiniz?
- Bəli, heç bir həyat kənardan göründüyü kimi deyil. İnsanların həyatı bəzən zahirdə sakit və problemsiz görünə bilər, amma hər kəs öz daxilində görünməyən mübarizələr aparır. Allah hər kəsi fərqli zamanlarda və fərqli şəkildə sınağa çəkir və bu sınaqlar insanın gücünü, səbrini və inamını formalaşdırır.
Mən inanıram ki, ümid məhz “anda” gizlidir, insanın verdiyi bir qərarda, atdığı bir addımda. Saf niyyətlə qəbul etdiyimiz qərarlar taleyimizin istiqamətini dəyişə, bizi yeni yollarla qarşılaşdıra və həyatımızda gözlənilməz sıçrayışlara səbəb ola bilər.
Uğura bağlanan sosial layihələr və xeyriyyə işləri isə bu prosesdə sanki bir katalizator rolunu oynayır. Mən hər yeni təşəbbüsə başlamazdan əvvəl niyyət edirəm. Və nə zaman ki, həmin təşəbbüs uğur qazanır, bunu yalnız şəxsi nailiyyət kimi görmürəm. Mütləq şəkildə uşaqlar, gənclər və ya qadınlar üçün sosial yönümlü bir layihə həyata keçirməyə çalışıram. Çünki mən buna ürəkdən inanıram, biz başqalarını qoruduqca, ehtiyac sahiblərinə əl uzatdıqca, kainat da bizi qoruyur və yolumuzu açır. İnsan paylaşdıqca güclənir, xeyir işlər gördükcə həyatın mənası daha aydın görünür.
Mənim taleyim heç də asan olmayıb. Yaşadığım ağır və çətin həyatdan qurtarmaq üçün özümü sıfırdan, yenidən qurmalı idim. Müstəqil, təkbaşına uğurlu olmaq məcburiyyətindəydim. Uşaqlığım yalnızlıq və sevgisizlik içində keçib, ailəmin içində özümü tamamilə tək hiss edirdim. Lakin uzun müddət tək qaldığım zamanlarda Allahla qurduğum daxili əlaqə möhkəmləndi və mən öz gücümü kəşf etdim.
Bu güc hər insanın içində mövcuddur. Biz holistik varlıqlarıq, ağıl, bədən, qəlb və ruh harmoniyada olduqda, potensialımız ölçüyəgəlməz olur.
Mənim tövsiyəm budur, əvvəlcə bu harmoniyanı tapın. Ağıl həyatda irəliləmək üçün vacibdir, amma tam potensialımıza çatmaq üçün ruhumuzu və qəlbimizi bədənimizlə uyğunlaşdırmalıyıq. Dua, meditasiya, namaz, zikr - hansı yolu seçsəniz də, hamısı insanın daxili bağlantısını gücləndirir, onu özündə mərkəzləşdirir və həyatda daha sabit, daha güclü bir mövqe əldə etməyə imkan verir.
Daxili harmoniyanı tapan insan yalnız özünü deyil, ətrafındakıları da işıqlandırır, çətinlikləri daha asan aşır və həyatın həqiqi dəyərini hiss edir.

