BAKI, 18 mart. TELEQRAF

Azərbaycandan İrana göndərilən sayca ikinci humanitar yardım karvanına aid yük avtomobilləri artıq Cənub Astara sərhəd buraxılış məntəqəsinə çatıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Cənub Astara sərhəd buraxılış məntəqəsi yeni Ələt–Astara magistral yolu üzərində yerləşir və yüklərin daha operativ şəkildə çatdırılması üçün məhz bu marşrut seçilib.

Bundan əvvəl göndərilən yüklər isə Astara Dövlət Sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrana yola salınmışdı.

***

09:10

Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınıb.

Teleqraf xəbər verir ki, göndərilən humanitar yardım ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatları əhatə edir. Buraya 76 ton ərzaq və qida məhsulları, 4 ton həcmində dərman vasitələri və 2 ton həcmində isə tibbi ləvazimatlar daxildir.

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət departamentinin direktoru Emil Həsənzadə jurnalistlərə açıqlamasında bildirib ki, humanitar yardım 5 yük avtomobili (TIR) vasitəsilə göndərilir.

Onun sözlərinə görə, humanitar yardımın Novruz bayramı ərəfəsində göndərilməsi nəzərə alınaraq, yük avtomobillərinə müvafiq Novruz sovqatı və bayram məhsulları da əlavə olunub.