BAKI, 18 mart. TELEQRAF

"Bəzi ölkələr Azərbaycan Respublikası ərazisindən istifadə edərək İrana humanitar yardım etmək üçün müraciət ediblər".

Teleqraf xəbər verir ki, bunu İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Azərbaycandan İrana humanitar yardımın yola salınması zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İrana ilk humanitar yardımın Azərbaycandan göndərilməsi çox xoş haldır.

Diplomat qeyd edib ki, artıq Azərbaycan tərəfindən İrana ikinci dəfədir humanitar yardım göndərilir: "Fürsətdən istifadə edib Azərbaycan hökuməti və xalqına öz minnətdarlığımı bildirirəm.

Bu, bizim müştərək mədəniyyətimizdən irəli gəlir ki, çətin günlərdə bir-birimizə kömək göstəririk. Novruz bayramı ərəfəsində bu müsbət addım və xoş niyyət İran tərəfindən çox yüksək qiymətləndirilir. Ümid edirik ki, gələn bayramları birlikdə qeyd edəcəyik".