BAKI, 18 mart. TELEQRAF

Gəncə şəhərində “Qrand Qafqaz” Ticarət Mərkəzinin qarşısında xuliqanlıq edən şəxs həbs edilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Sərxan Şirvanov (ad-soyad şərti verilib – red.) “Qrand Qafqaz” Ticarət Mərkəzinin yaxınlığında ictimai qaydanı pozub, polisin qanuni tələbinə tabe olmayıb. O, narkotik vasitələrdən istifadə etməsi ekspertiza rəyi ilə aşkar edilib.

Şirvanovun barəsində İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə ittiham elan edilib.

İş üzrə izahat verən Şirvanov bildirib ki, narkotik vasitədən istifadə edib, ictimai qaydanın pozulmasına yönəldilmiş hərəkətlətə yol verib: “Polis əməkdaşları məni nizam-intizama dəvət etsələr də, buna məhəl qoymamışam. Mən narkotik vasitəni təxminən on gün əvvəl istifadə etmişəm. Narkotik vasitə olan marixuananı əsgər yoldaşımın ad günündə onunla birlikdə istifadə etmişəm”.

Təqsirli bilinən şəxs qeyd edib ki, sonuncu dəfə isə Gəncə şəhərində olan zaman lirika (preqabalin) istifadə edib: “Mən narkotik vasitədən mütəmadi olaraq istifadə edirəm. Mən və dostum narkotik vasitələri onun telefonu vasitəsi ilə əlaqə saxladığımız tanımadığım şəxsdən 10 manata alırıq. Həmin şəxs narkotik vasitəni qoyduğu yerin məkanı dostumun telefonuna göndərdikdən sonra narkotik vasitəni götürmüşük. Mən lirikanı da, marixuananı da dostumun vasitəsi ilə əldə etmişəm”.

Şirvanovun ifadəsinə görə, “Qrand Qafqaz” Ticarət Mərkəzində olarkən başqa dostu ilə telefonla danışan zaman onunla mübahisə edib: “Həmin dostum mənim üzüyümü alıb vı qaytarmadığına görə onun ünvanına nalayiq ifadələr işlətmişəm, səs-küy salmışam. Mənə yaxınlaşan polis əməkdaşları sakitləşməyimi tələb etdikdə isə öz hərəkətlərimi yenə davam etdirmişəm. Daha sonra oradan qaçmışam. Hazırda törətdiyim əməllərdən peşmanam”.

Gəncə Şəhər Məhkəməsinin qərarı ilə Şirvanov 1 ay 25 gün müddətinə həbs edilib.