BAKI, 18 mart. TELEQRAF
“Resurslardan səmərəli istifadə şəhərlərin dayanıqlığını artırır və davamlı inkişafın əsasını təşkil edir”.
Teleqraf xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev “AZS ISO 20121:2026 – Tədbir davamlılığının idarəetmə sistemləri” üzrə dövlət standartının təqdimatında deyib.
O bildirib ki, dayanıqlılıq prinsiplərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır:
“Bu yanaşma enerji istehlakının azalmasına imkan verir, böyük tədbirlərin dayanıqlılığını təmin edir və şəhərlərin balanslı inkişafına şərait yaradır. Forum da məhz dayanıqlılıq prinsiplərinin tətbiqinə yönəlib. BMT-nin ikinci ən böyük konfransı olan şəhərsalma forumun əsas tələblərindən biri tədbirin dayanıqlıq prinsiplərinin geniş tətbiqidir”.
Qeyd edək ki, Bakıda tədbirlərin təşkili sahəsində müasir ekoloji və idarəetmə yanaşmalarının tətbiqinə yönəlmiş AZS ISO 20121:2026 “Tədbir davamlılığının idarəetmə sistemləri” dövlət standartının təqdimatı keçirilib.
Vurğulanıb ki, WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində beynəlxalq standartlar əsasında hazırlanmış sənəd ilk dəfə Azərbaycanın milli standartlaşdırma sisteminə uyğunlaşdırılıb və tədbirlərin təşkilində ekoloji, sosial və idarəetmə (ESG) prinsiplərinin tətbiqini təşviq etməklə 11-ci Dayanıqlı İnkişaf Məqsədinə uyğun olaraq şəhərlərimizin dayanıqlı inkişafına töhfə verir.