BAKI, 18 mart. TELEQRAF

Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev ABŞ-ni Böyük Britaniya və Avropa İttifaqına qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Teleqraf "RIA Novosti"yə istinadən xəbər verilir ki, o, bu təklifi Qərb sivilizasiyasının dağıdılması və Vaşinqtona Hörmüz boğazı məsələsində dəstək verilməməsi ilə əsaslandırıb.

“Bəlkə ABŞ qarşılıqlılığın olmamasına və miqrasiya vasitəsilə Qərb sivilizasiyasının dağıdılmasına görə Britaniya və Aİ-yə sanksiyalar tətbiq etməli, eyni zamanda qlobal enerji bazarlarını dəstəkləmək üçün Rusiyaya qarşı sanksiyaları ləğv etməlidir?” – deyə Dmitriyev sosial şəbəkə X-də yazıb.

Məlumata görə, o, daha əvvəl Avropada qaz qiymətlərinin ən azı 100% artacağını proqnozlaşdırıb. Dmitriyev həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Aİ-nin enerji təhlükəsizliyi sahəsində fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib.