BAKI, 24 iyun. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Alyona Zelenskaya ikitərəfli münasibətlərdəki gərginlik səbəbindən Polşanın Qdansk şəhərində keçiriləcək Ukraynanın Bərpası üzrə Beynəlxalq Konfransda iştirakını ləğv edib.
Teleqraf xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.
Məlumata görə, ölkənin birinci xanımı Qdansk Universitetində keçiriləcək tədbirdə açılış nitqi ilə çıxış etməli idi.
Universitetin mətbuat katibi Maqdalena Neçuya-Qonişevskaya bu məlumatı təsdiqləyib: “Alyona Zelenskaya açılış nitqi ilə çıxış etməli olsa da, bu proqramı ləğv olunub”.
Prezident Volodimir Zelenski də konfransa qatılmayacaq, orada Ukraynanın adından Baş nazir Yuliya Sviridenko iştirak edəcək.
Xatırladaq ki, Polşa Prezidenti Karol Navrotskinin Ukrayna Prezidenti Volodimir Zelenskinin “Ağ Qartal” ordenindən məhrum edilməsi qərarından sonra Varşava və Kiyev arasında münasibətlər gərginləşib. Navrotskinin sözlərinə görə, bu qərar Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “Ukrayna Qiyamçı Ordusunun Qəhrəmanları” adını verməsi səbəbindən qəbul edilib. Polşa Prezidenti Zelenskinin “Ağ Qartal” ordenindən məhrum edilməsindən sonra Ukraynanın keçmiş prezidentləri Viktor Yuşşenko, Leonid Kuçma və Petro Poroşenko da müvafiq mükafatlardan imtina ediblər.
Polşa “Ukrayna Qiyamçı Ordusu”nu 1940-cı illərdə polyaklara qarşı qətliamda ittiham edir.