BAKI, 24 iyun. TELEQRAF

Hazırda qarşıda duran əsas vəzifə təkcə mövcud böhranları həll etmək deyil, həm də hazırkı çağırışları ölkələrin güclənməsinə yönəldə bilməkdir.

Teleqraf xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Milli Şurası sədrinin birinci müavini Tariq Altayer Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, əsas güc iqtisadi imkanların genişlənməsinə, beynəlxalq əməkdaşlığın və inteqrasiyanın möhkəmlənməsinə, hərtərəfli və gələcəyə yönəlmiş layihələrin həyata keçirilməsinə yönəldilməlidir:

“Hazırkı çağırışlar həmçinin islam dünyası arasında parçalanmanın qarşısının alınmasını və qarşıdurmalarla risklərin azaldılmasını tələb edir.

Hüquqi sistemdən kənara çıxmamaq, vətəndaşlara dəstəyin gücləndirilməsi, Birləşmiş Millətlər Təşkilatının prinsiplərinə uyğun fəaliyyət göstərilməsi mühüm tələblər sırasındadır. Bu məqsədlə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, xalqların hərtərəfli inkişafının təmin olunması, əməkdaşlığın genişləndirilməsi və ərəb ölkələri arasında münasibətlərin möhkəmləndirilməsi vacibdir”.

Ərəb vitse-spiker əlavə edib ki, eyni zamanda, davamlı və hərtərəfli inkişafın təmin edilməsi üçün müxtəlif məsələlər üzrə əməkdaşlığın fəallaşdırılması zəruridir. Onun sözlərinə görə qərb yönümlü idarəetmə əməkdaşlığa mane olmur.