BAKI, 24 iyun. TELEQRAF

“Cəmiyyətimiz bir şeyi özü üçün aydınlaşdırmalıdır ki, İslamda cəmi iki bayram var: Ramazan və Qurban. İslamda heç bir matəm günü və ayı yoxdur. Müxtəlif adlarla tanınan haram ayları, ərəb ənənəsindən qalan müəyyən elementlər mövcud olsa da, matəm anlayışı İslam dininin mahiyəti ilə uzlaşmır. Hətta peyğəmbərin vəfat günü və ya üç xəlifənin sui-qəsd nəticəsində öldürülməsi müsəlmanlar arasında matəm olaraq qeyd edilmir. Çünki onlar şəhid hesab olunurlar. Şəhidlər Allah qatında ən üstün insanlardır və şəhidliyə görə insanların qüssə, kədər yaşaması İslam məntiqinə uyğun deyil. Ona görə də, mahiyyətcə bunun dinlə əlaqələndirilməsi doğru deyil. Aşura mərasimləri sadəcə müəyyən bir qrup tərəfindən həyata keçirilən bir adət-ənənədir və artıq İslamla əlaqəli bir anlayış kimi dəyərləndirilə bilməz”.

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustada bildirib.

Komitə sədri bu cür tədbirlərdə uşaqların iştirakının onların müəyyən dərəcədə təhsil və dünyagörüşünə mənfi təsir göstərə biləcək addımlar kimi qiymətləndirilməli olduğunu deyir:

“Qanunvericilik də bunu qadağan edir. Bu mərasimlərdə iştirak edən uşaqların məsuliyyətini birbaşa valideynlər daşıyırlar. Məncə, dövlət qurumları tərəfindən burada daha prinsipial mövqe sərgilənməli, bu növ elementlərə qarşı sərt tədbirlər görülməlidir. Azərbaycanın hüquq-mühafizə orqanları bunu onsuz da qətiyyətlə edirlər. Ola bilsin ki, hansısa yerlərdə gözdən yayınan və ya təsadüfən baş verən proseslər olur, lakin onların da qarşısının dərhal alınması olduqca zəruridir. Bu həm də ona görədir ki, Azərbaycan Konstitusiyasının 7-ci maddəsində xüsusi olaraq vurğulanıb ki, Azərbaycan dünyəvi dövlətdir. Əgər dünyəvi dövlətin prinsipləri fonunda hər hansı bir şəkildə zorakılıq, din və ya digər zəmində ayrı-seçkilik adı altında nifrət və qarşıdurma təbliğ edilərsə, dünyəvi dövlətin qanunları öz işini görməlidir”.

Fazil Mustafa hesab edir ki, uşaqların bu cür mərasimlərə cəlb olunması qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi ölçülər götürülməsini tələb edir:

“Böyüklər cahillikdən, yaxud öz düşüncələrini din adı altında təqdim etmək məqsədilə müəyyən bir yaşam tərzini davam etdirə bilərlər. Bu, inanc məsələsidir. Biz, Hindistanda və ya Nepalda insanların hər hansı bir canlıya inanmasına belə normal yanaşırıq. Çünki inanclar spesifik təzahürlərdir. heç kimin şəxsi inancına qarışmaq doğru deyil. Lakin bu inanclar cəmiyyətdaxili barışı, sabitliyi pozursa, insanlara nifrət və qarşıdurma hissləri aşılayırsa, dövlət qanunlar vasitəsilə onu öz məcrasına qaytarmalıdır. Kimsə öz evində bu şiddəti, zorakılığı, özünə xəsarət yetirmə addımlarını hansısa formada edə bilər – dövlət evin içinə girmir. Amma küçədə, ictimai yerlərdə bunun reallaşdırılması bütün hallarda qanuna ziddir. Dünyəvi dövlətin mahiyyətinə ciddi zərər vurur. Bu baxımdan uşaqlar məsələsinə xüsusilə ciddi yanaşılmalıdır”.

Komitə sədrinin sözlərinə görə, bizimlə eyni soydan olan insanların hansısa ölkənin ideologiyası ilə qabartmağa çalışdığı müəyyən adət və rituallar var:

“Lakin biz müstəqil, azad ölkəyə, dünyəvi dəyərlərə sahib və elmi əsaslarla inkişaf edən bir cəmiyyətə çevrilmişik. Biz şəriət hüququna dayanan bir dövlət qurmamışıq. Babalarımız gələcəyi düşünərək bizim müasir dünyanın insanları kimi yaşamağımıza yol açıblar. Azərbaycanlılar heç vaxt dinini siyasiləşdirməyən, hansısa bir ölkənin ideologiyasının təbliğatçısı kimi həmin ölkənin tullantısına çevirən insan tipinə çevrilməməlidirlər. Babalarımız dövlət quranda bizə miras qoyduqları ənənələr belə olub: namazını qıl, orucunu tut, ibadətini et, qurbanını kəs və Allaha inancını davam etdir. Amma başqa ölkələrin formalaşdırdığı ideoloji ritualları din adı ilə Azərbaycan cəmiyyətinə gətirib burada yaşatmaq istəyənlərə dünyəvi dövlətin qanunları öz sözünü deməlidir”.