BAKI, 24 iyun. TELEQRAF
Ermənistan tədricən Rusiyanın təsir dairəsindən çıxaraq, Avropa İttifaqı (Aİ) ilə münasibətlərini dərinləşdirir.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Nəşr bildirib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyunun 24-25-də Polşanın Qdansk şəhərində Ukraynanın Bərpası üzrə Beynəlxalq Konfransda iştirak edəcək. Tədbir Polşa və Ukrayna tərəfindən təşkil olunub, təxminən 100 ölkənin nümayəndəsi iştirak edəcək.
Mənbə qeyd edib ki, Ermənistan rəsmisinin səfəri Aİ-nin Rusiyanın ticarət məhdudiyyətlərinin təsirlərini azaltmaq üçün İrəvana dəstəyi fonunda baş verir. Rusiya bu yaxınlarda bir sıra Ermənistan mallarına məhdudiyyətlər tətbiq edib, İrəvan bunu siyasi motivli addım kimi qiymətləndirib.
Nəşr həmçinin Ermənistanın daxili siyasi-iqtisadi proseslərinə toxunub və ölkənin xarici siyasət istiqamətlərini balanslaşdırmağa çalışdığı, həmçinin Qərblə əməkdaşlığı genişləndirdiyi vurğulanıb.
“Bloomberg” bu kontekstdə hesab edir ki, Armen Qriqoryanın Ukrayna ilə bağlı konfransda iştirakı İrəvanın Rusiyanın təsirindən uzaqlaşmasının əlaməti kimi qəbul olunur.