BAKI, 24 iyun. TELEQRAF
Yevlax–Bərdə dəmir yolu xəttində yenidənqurma işləri davam etdirilir.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən Teleqraf-a verilən məlumata görə, uzunluğu 30 kilometr olan xətt üzrə may ayında başlanılan söküntü işləri artıq tamamlanıb.
Layihə çərçivəsində ümumilikdə 174 ədəd mühəndis qurğusunun tikintisi planlaşdırılır. Bunlara 4 körpü, 12 avtomobil keçidi, 98 suötürücü boru və 60 ehtiyat keçidi daxildir. Hazırda yol yatağının tikintisi davam etdirilir.
Qeyd edək ki, bu xətdə 1967-ci ildən bəri əsaslı təmir aparılmadığından qatarların hərəkət sürəti 10–60 km/saat arasında dəyişirdi. Yenidənqurma işləri başa çatdıqdan sonra hərəkət sürəti artacaq, daha sürətli, dayanıqlı və fasiləsiz dəmir yolu əlaqəsi təmin olunacaq. Bununla da Yevlaxdan Xankəndiyə qədər müasir dəmir yolu infrastrukturu formalaşacaq.