BAKI, 6 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəsinin II Dünya müharibəsində qazanılmış qələbədəki payından bəhs edib.

Teleqraf xəbər verir ki, D.Tramp bu barədə öz sosial şəbəkə hesabında yazıb.

O qeyd edib: "Biz iki Dünya müharibəsində qalib gəldik, lakin heç vaxt bunu öz adımıza çıxmadıq - hərçənd hamı belə edir! Bütün dünyada müttəfiqlər İkinci Dünya müharibəsində bizim qazandığımız qələbəni qeyd edirlər. Bayramı qeyd etməyən yeganə ölkə Amerika Birləşmiş Ştatlarıdır və qələbə yalnız bizim sayəmizdə əldə edilib".

Prezident bildirib ki, ABŞ olmasaydı, müharibəni başqa ölkələr qazanardı və tamam fərqli bir dünya yaranardı: "Buna görə də mən bununla Birinci Dünya müharibəsində - 1918-ci il noyabrın 11-də atəşkəs müqaviləsinin imzalandığı və İkinci Dünya müharibəsindəki 8 May 1945-ci il qələbə çalındığı günləri Milli Bayram elan edirəm.

Prezident bu tarixlərin istirahət günü elan edilmədiyinə də aydınlıq gətirib: "Amerikada il ərzində qeyd olunan bayramlar çoxdur. Bayram üçün az qala gün qalmayıb. Biz onda da zəhmetkeş idik, indi də zəhmətkeşik".