BAKI, 23 dekabr. TELEQRAF
AZAL və “Azərpoçt” J2-8243 reysinin xatirəsinə həsr olunmuş poçt markasını təqdim edilib.
Teleqraf xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL) QSC və “Azərpoçt” MMC Bakı – Qroznı marşrutu üzrə planlaşdırılmış J2-8243 reysinin icrası zamanı baş vermiş faciəyə həsr olunmuş poçt markasını təqdim edib.
Poçt markasının təqdimat mərasimi Azərbaycan Tarixi Muzeyində keçirilib. Təqdimat çərçivəsində markanın nümunəsi muzeydə xüsusi ekspozisiya kimi nümayiş etdirilib. Markanın dizaynında yer alan sonsuzluq simvolu faciəli hadisənin, onun qurbanlarının və milli tariximizdə iz qoymuş ekipajın qəhrəmanlığının yaddaşlarda daim yaşadılmasını ifadə edir.
Poçt markasının dövriyyəyə buraxılışı AZAL və “Azərpoçt”un birgə təşəbbüsü olub və 25 dekabr 2024-cü ildə Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının ildönümünə həsr edilib. Layihə faciə qurbanlarının əziz xatirəsinə ehtiram ifadə etməklə yanaşı, ekstremal şəraitdə peşəkar, koordinasiyalı və fədakar fəaliyyəti nəticəsində 29 nəfərin həyatını xilas etmiş ekipaj üzvlərinin qəhrəmanlığını ön plana çıxarır.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.