BAKI, 23 dekabr. TELEQRAF

J2-8243 reysinə həsr edilən markaların dövriyyəyə buraxılması xatirəni uzunömürlü edən, onu geniş ictimaiyyətə çatdıran çox dəyərli bir addımdır.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Hava Yolları" QSC (AZAL) vitse-prezidenti İlham Əmirov J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, poçt markasının buraxılışı həm də beynəlxalq miqyasda mühüm mənəvi əhəmiyyət daşıyır:

“Poçt markası bəzən kiçik bir kağız parçası kimi görünə bilər, amma əslində o, bir ölkənin, millətin tarix və mədəniyyətinin daşıyıcısıdır. Ölkədən-ölkəyə göndərilən, fərqli ünvanlara çatan, gördükcə insanı düşündürən və tarixi özündə daşıyan bu kiçik nişanlar illər sonra albomlarda qalır, nəsildən-nəslə ötürülür. Bu mənada J2-8243 reysinə həsr edilən markaların dövriyyəyə buraxılması xatirəni uzunömürlü edən, onu geniş ictimaiyyətə çatdıran çox dəyərli bir addımdır. Markanın üzərində sonsuzluq işarəsi və uçuşun nömrəsi əks olunub”.

İlham Əmirov qeyd edib ki, bu poçt markası kiçik simvol olsa da, bütün dünyaya yayılacaq və baş vermiş hadisə ilə bağlı insanların məlumatlandırılmasına xidmət edəcək. Vitse-prezidentin sözlərinə görə, poçt markalarının satışından əldə olunan vəsait şəhid ailələrinin övladlarına, xüsusilə onların təhsilinə yönəldiləcək, sosial yardım məqsədilə istifadə olunacaq: "İlkin mərhələdə simvolik olaraq 500-ə yaxın nüsxə çap edilib. Lakin tələbat artacağı təqdirdə, poçt markalarının tirajının da artırılması nəzərdə tutulur".

“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev deyib ki, bu layihənin AZAL və “Azərpoçt”un birgə təşəbbüsü kimi həyata keçirilməsi önəm kəsb edir.

“Bu, iki dövlət qurumunun yalnız funksional deyil, mənəvi məsuliyyəti də bölüşdüyünün göstəricisidir. AZAL bu hadisənin tarixini yaşadan tərəfdirsə, “Azərpoçt” həmin tarixi ölkədən-ölkəyə, ünvandan-ünvana daşıyan körpüdür,” - deyə İ. Mustafayev qeyd edib.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.