BAKI, 23 dekabr. TELEQRAF

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir.

Teleqraf xəbər verir ki, konfransın əsas məqsədi tərəfdaş ölkələrdən olan yüksək səviyyəli hökumət nümayəndələri və müvafiq sahənin ekspertlərini bir araya gətirərək mövcud məsələlərin müzakirəsini aparmaq və təcrübə mübadiləsini təmin etməkdir.

Eyni zamanda, süni intellekt də daxil olmaqla, rəqəmsal mühitdə uşaqların hüquqlarının qorunması sahəsində mövcud problemlər və çağırışlar müzakirə ediləcək, uşaqların zərərli informasiyadan qorunması üzrə milli və beynəlxalq təcrübə paylaşılacaq, rəqəmsal mühitdə uşaqların hüquqlarının müdafiəsində ailənin rolu vurğulanacaq, qlobal və regional əməkdaşlıq imkanlarının gücləndirilməsi məsələləri diqqət mərkəzində olacaq.

Konfransda İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri Zəhra Pezeşkian, həmçinin Türkiyə, Mərakeş, Qətər və Şimali Kiprdən olan rəsmi şəxslər və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri (BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) sədri, İCESCO-nun baş direktorunun müşaviri) çıxış edəcək.

Konfrans çərçivəsində “Rəqəmsal mühitdə təhlükələr: Həll yolları və müasir yanaşmalar” mövzusunda panel sessiya keçiriləcəkdir.

Yekunda konfransın bəyannaməsi qəbul ediləcək.

Tədbir regionda və dünyada rəqəmsal mühitdə uşaqların müdafiəsi, eləcə də bu prosesdə ailənin rolunun artırılması istiqamətində əməkdaşlıq üçün mühüm platforma rolunu oynayacaq və gələcək birgə fəaliyyətlərə zəmin yaradacaq.