BAKI, 23 dekabr. TELEQRAF
"Artıq ikinci dəfə təşkil olunan Azərbaycan-Türkiyə İnvestisiya Forumu hökumət və biznes dairələri arasında açıq və səmərəli dialoqun qurulması, yeni layihələrin müzakirəsi və işgüzar əlaqələrin genişləndirilməsi üçün mühüm platformadır".
Teleqraf xəbər verir ki, bu fikirləri II Azərbaycan - Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.
O bildirib ki, Forum çərçivəsində aparılacaq müzakirələr konkret investisiya təşəbbüslərinə və uzunmüddətli əməkdaşlıq layihələrinə yol açacaq:
"Dünən dəyərli qardaşım Cevdet Yılmazla biz Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasını çox uğurla keçirdik. Ticarət-iqtisadi əlaqələrimizin gündəliyində duran aktual məsələləri müzakirə etdik, qarşılıqlı prioritet təşkil edən sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdən keçirdik.
Bu gün isə hər iki ölkənin biznes dairələrinin nümayəndələri ilə görüşmək üçün bir araya gəlmişik. Ümidvarıq ki, bugünkü görüş biznes cəmiyyətlərimiz üçün faydalı olacaq, ölkələrimiz tərəfindən yeni konkret birgə investisiya təşəbbüslərinin reallaşdırılmasına təkan verəcək".
Baş nazir qeyd edib ki, Azərbaycan–Türkiyə münasibətləri sarsılmaz qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanır:
"Prezidentlərimiz cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı etimad iqtisadi əməkdaşlığımızın davamlı inkişafı üçün möhkəm zəmin yaradıb. Məmnunluqla qeyd etmək istəyirəm ki, Türkiyə Azərbaycanın vacib ticarət tərəfdaşıdır.
Bu gün iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi prioritet istiqamətlərimizdən biridir.
İnvestisiya əməkdaşlığımız yaxşı dinamika nümayiş etdirir. Bugünədək Azərbaycan Türkiyə iqtisadiyyatına $20 milyarddan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına $18 milyard sərmayə qoyub.
Azərbaycanda 4600-dən çox Türkiyə şirkəti fəal iş aparır. Eyni zamanda Türkiyədə 3000 Azərbaycan şirkəti müxtəlif sahələrdə iş qurub və qardaş ölkənin iqtisadi inkişafına öz töhfəsini verir.
Qarşılıqlı sərmayə qoyuluşunu bundan sonra da ardıcıl şəkildə davam etdirmək əzmindəyik. Bu investisiyalar hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verməklə yanaşı, xalqlarımızın rifah halının yüksəldilməsinə xidmət edir.
Bildiyiniz kimi, biz azad olunmuş ərazilərimizdə Böyük Qayıdışa dair I Dövlət Proqramından irəli gələn tədbirləri dəstəkləmək üçün özəl investisiyaların cəlb edilməsini fəal şəkildə təşviq edirik. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl” enerji potensialının səmərəli istifadəsi məqsədilə mövcud infrastrukturun yenilənməsi və yenisinin tikilməsi üçün xarici kapitalın cəlb edilməsi davam edir.
Onu da qeyd edim ki, Türkiyə şirkətləri azad olunmuş ərazilərdəki layihələrin icrasına fəal şəkildə cəlb ediliblər. Ümumilikdə 20-yə yaxın Türkiyə şirkəti azad olunmuş ərazilərdə 50-ə yaxın layihə icra edir və bu layihələrin dəyəri təqribən 5 milyard dollardır.
Eyni zamanda ölkəmizin xüsusi iqtisadi zonalarında biznesin həyata keçirilməsi üçün hər cür əlverişli şərait yaradılıb. İnvestorlar üçün cəlbedici şərtlər təklif edən Ələt Azad İqtisadi Zonasını xüsusi qeyd etmək istərdim".
Əli Əsədov qeyd edib ki, bir sıra Türkiyə şirkətləri artıq sözügedən xüsusi iqtisadi zonalarda fəaliyyət göstərir: "Burada investisiya qoyuluşu üzrə əməkdaşlıq üçün yaxşı perspektivlər görürük. Odur ki, Türkiyə şirkətlərini daha fəal olmağa dəvət edirik.
Birgə iştirak etdiyimiz qlobal layihələrin ticarət əlaqələrimizin inkişafında rolunu xüsusi qeyd etmək istərdim.
Ölkələrimizin ərazisindən keçən və təkcə regionumuz üçün deyil, həm də qlobal ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji rol oynayan Orta Dəhlizin önəmi getdikcə artmaqdadır.
Ticarətin asanlaşdırılması üzrə islahatlar Orta Dəhlizin rəqəmsallaşdırılmasını artırır bu da, öz növbəsində, həm ölkələrimizin, həm də regionun yük daşımaları və ticarət dinamikasına müsbət təsir göstərir. Son üç ildə Azərbaycan vasitəsilə Orta Dəhliz üzrə yükdaşımaların həcmi 90 faiz artmışdır.
Həmçinin Azərbaycanın əsas ərazisinin Naxçıvan ilə birləşdirilməsi barədə avqust ayında Vaşınqtonda əldə edilmiş razılaşmalar tarixi önəm kəsb edir. Zəngəzur dəhlizinin açılması bütün region dövlətlərinə yeni iqtisadi və tranzit fürsətləri qazandırmaqla yanaşı, Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq.
Bakı-Tbilisi-Qars dəmir yolunun 2024-cü ildə illik yükburaxma qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda cari ildə Qars–Naxçıvan dəmir yolu xəttinin təməlinin qoyulması da mühüm hadisələrdir.
Bütün bunlar həm Azərbaycan və Türkiyə, həm də regionun digər ölkələri üçün strateji əhəmiyyət daşıyır.
Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq enerji sahəsində həyata keçirilən iri miqyaslı layihələr vasitəsilə daha da möhkəmlənir. Bu əməkdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, TANAP kimi strateji layihələr Azərbaycan enerji resurslarının Avropa bazarlarına etibarlı və dayanıqlı şəkildə çıxarılmasını təmin etmişdir.
Bir neçə gün sonra dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu halqasını təşkil edən TAP boru kəməri vasitəsilə Avropaya kommersiya məqsədilə qaz nəqlinə başlanılmasının beş ili tamam olur.
Beş il ərzində Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artaraq 14-ə çatıb ki, bunlardan 10-u Avropa ölkəsidir".
Baş nazir vurğulayıb ki, birgə səylərimizlə avqustda Suriyaya qaz nəqlinə başladıq: "İlk dəfədir ki, Türkiyə ərazisindən keçməklə Azərbaycan qazı Yaxın Şərq regionuna nəql olunur.
Yeri gəlmişkən SOCAR Türkiyəyə 19 milyard ABŞ dolları sərmayə qoymaqla qardaş ölkənin ən böyük xarici investorudur. Bu sərmayələr çərçivəsində şirkət neft emalı, neft-kimya və təbii qaz sahələrində bir çox strateji layihələr həyata keçirmişdir.
Bu gün də SOCAR qardaş Türkiyənin iqtisadiyyatına sərmayə qoymaqla, yeni layihələr vasitəsilə fəaliyyətini genişləndirir. Bu gün burada Türkiyənin ərazisində fəaliyyət göstərən 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair imzalanacaq sənəd bunun sübutudur.
Azərbaycan ilə Türkiyə arasında sənaye və texnologiya sahələrində də əməkdaşlıq son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Qarşılıqlı təcrübə mübadiləsi, insan kapitalının inkişafı və müasir texnologiyaların tətbiqi üzrə atılan addımlar sənaye potensialımızın gücləndirilməsinə xidmət edir.
Bu çərçivədə istehsal sahələrində, xüsusilə metal emalı, maşınqayırma və digər baza sənaye istiqamətlərində qabaqcıl texnologiyaların tətbiqi üzrə bilik və bacarıqların ötürülməsi həyata keçirilir.
Müdafiə sənayesini də xüsusilə qeyd etmək istərdim. Azərbaycanda bu sahə son zamanlar yüksək templə inkişaf edir. Türkiyə ilə bu baxımdan səmərəli əməkdaşlıq qurulub.
Yüksək texnologiyalar, elektron ticarət, süni intellekt və innovasiya ekosistemləri üzrə əməkdaşlıq da regional və çoxtərəfli platformalar çərçivəsində inkişaf etdirilir. Bu istiqamətlərdə imzalanmış sənədlər və həyata keçirilən təşəbbüslər rəqəmsal iqtisadiyyatın genişlənməsinə, yeni biznes modellərinin formalaşmasına və insan kapitalının inkişafına xidmət edir".
Əli Əsədov qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın mühüm elementlərindən biri də beynəlxalq və regional təşkilatlar çərçivəsində fəaliyyətin əlaqələndirilməsidir: "Türk Dövlətləri Təşkilatında səmərəli işbirliyimizi xüsusi qeyd etmək istərdim.
Sentyabrda Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ilk iclası zamanı biz digər məsələlərlə yanaşı, həmçinin ticarət, investisiyalar, nəqliyyat, energetika və kənd təsərrüfatı kimi prioritet iqtisadi sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdik.
Fürsətdən istifadə edərək diqqətinizə çatdırmaq istərdim ki, yeni yaradılmış formatda Hökumət başçılarının/Vitse-prezidentin ikinci görüşünə 2026-cı ildə Azərbaycan ev sahibliyi edəcək.
Eyni zamanda, Türk İnvestisiya Fondunun yaradılması region daxilində birgə investisiya təşəbbüslərinin dəstəklənməsi və maliyyə alətlərinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Əminəm ki, bu forum Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlığın yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı investisiyaların artmasına və birgə uğurlu layihələrin reallaşmasına mühüm töhfə verəcək".