BAKI, 23 dekabr. TELEQRAF
“Qadın, Həyat, Azadlıq” Hərəkatının ədalət axtaran ailələrinin cəsarəti İranda ədalət və ləyaqət uğrunda davamlı mübarizə üçün ən güclü xatırlatmadır, dünya bu mübarizədən gözünü çəkməməlidir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin X hesabında bildirilib.
“Bu ailələr yas saxladıqları və ya başlarına gələnləri danışdıqları üçün daimi təzyiq, hədə və həbs halları ilə üz-üzə qalırlar. Bu ailələr qorxu ilə üzləşdikləri halda belə susmağa razı deyillər”, - Amerikanın xarici siyasət qurumu qeyd edib.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin hicab qaydalarını pozmaqda ittiham edilərək polis tərəfindən öldürülməsindən sonra İranda hicab əleyhinə “Qadın, Həyat, Azadlıq” şüarı ilə kütləvi etiraz aksiyaları başlayıb və iki ilə yaxın davam edib. Bundan sonra məcburi hicabın ləğvi gündəmə gəlib, paytaxt Tehran və bir sıra digər iri şəhərlərdə hicabsızlaşma prosesi başlasa da, dini rejim hələ də tətbiq etmədiyi “Hicab və iffət” adlı yeni qanun qəbul edib. Cəhd ölkədə etirazları bir qədər də genişləndirib. Bu günlərdə isə Tehran və bəzi iri şəhərlərdə hicabsız dolaşan qadınların görüntüləri gündəmdədir. Dini-siyasi rejimin nümayəndələri bu fonda hicab qaydalarını sərtləşdirən “Hicab və iffət” qanununun tətbiqini gündəmə gətirirlər.