BAKI, 23 dekabr. TELEQRAF

Xərçəng xəstəliyi ilə mübarizə aparmasına baxmayaraq Böyük Britaniya kralı III Karl 2025-ci ildə kral ailəsinin ən çox çalışan üzvü kimi tanınıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Mirror" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, 77 yaşlı monarx cari il ərzində 532 ictimai tədbirdə iştirak edib. Bu göstərici kralın bacısı, şahzadə Anna ilə müqayisədə 50 tədbir çoxdur. Ümumilikdə, son 12 ayda kral ailəsi üzvlərinin iştirak etdiyi 2 458 tədbirin 22 faizi III Karlın payına düşüb.

Reytinqdə üçüncü yerdə kralın kiçik qardaşı, Edinburq hersoqu şahzadə Edvard qərarlaşıb, o, 313 tədbirdə iştirak edib. Onun həyat yoldaşı, Edinburq hersoginyası Sofi 235 tədbirlə siyahıda dördüncü yerdədir. İlk beşliyi isə 2025-ci ildə 228 ictimai tədbirdə iştirak edən kraliça Kamilla tamamlayır.

Daha sonra kraliça II Yelizavetanın əmisi oğlu Qloster hersoqu Riçard (212) və taxt-tacın varisi Uels şahzadəsi Uilyam (202) gəlir. Siyahıda həmçinin Qloster hersoginyası Birgitta (113), Kent hersoqu Edvard (77) və onluğu tamamlayan Uels şahzadəsi Ketrin (Middlton) yer alır. Xərçəngdən müalicə alan Ketrin 1 yanvardan bəri rəsmi statusda 68 dəfə ictimaiyyət qarşısına çıxıb.