BAKI, 23 dekabr. TELEQRAF
Finlandiyada maralların sürətlə tələfatı qeydə alınır.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Nəşr Finlandiya Maralçılar Assosiasiyasının məlumatlarına istinadla bildirir ki, təkcə bu il canavarların hücumu nəticəsində təxminən 1950 şimal maralı tələf olub. Bu göstərici ötən illə müqayisədə təxminən 70 faiz çoxdur.
Materialda qeyd olunur ki, ölkə əhalisinin bir hissəsi baş verənləri “Rusiya canavarları” ilə əlaqələndirir. İddialara görə, sözügedən canavarlar sərhədi keçərək Finlandiya ərazisində heyvanlara hücum edirlər.
Məqalə müəllifi isə hücumların sayının artmasını yırtıcı heyvanlara qarşı ovun azalması ilə əlaqələndirir. Bildirilir ki, Rusiyada bir çox ovçuların cəbhəyə yollanması bu sahədə nəzarətin zəifləməsinə səbəb olub. Ovçuların sayının kəskin azalması ilə yırtıcı heyvanların sayı artıb. Qidalanmaqda çətinlik çəkən yırtıcıların qonşu ölkələrin ərazilərinə keçdiyi ehtimal edilir.