BAKI, 23 dekabr. TELEQRAF

Venesuela Prezidenti Nikolas Maduro ölkəsinin sülhə sadiq olduğunu, lakin suverenliyini və ərazi bütövlüyünü qorumağa hazır olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə Nikolas Maduronun Latın Amerikası və Karib hövzəsi ölkələrinin dövlət başçılarına, eləcə də BMT-yə üzv dövlətlərə ünvanladığı məktubda qeyd olunub.

Məktub Venesuela xarici işlər naziri İvan Hil Pinto tərəfindən "Venezolana de Televisión" telekanalının efirində səsləndirilib. Maduronun sözlərinə görə, ABŞ Venesuelaya qarşı təzyiq göstərir və ABŞ silahlı qüvvələri Karib dənizində və Sakit okeanın şərq hissəsində mülki gəmilərə 28 hücum həyata keçirib. Prezident iddia edib ki, bu hücumlar nəticəsində 104 nəfər məhkəməsiz edam edilib.

Maduro vurğulayıb ki, Venesuela ABŞ tərəfindən hərbi təzyiqi əsaslandıracaq heç bir addım atmayıb. O, həmçinin ABŞ-nin beynəlxalq sularda Venesuela nefti daşıyan, ümumilikdə təxminən 4 milyon barrel yükü olan iki tankeri ələ keçirdiyini və neft daşıyan gəmilərə qarşı tam dəniz blokadası elan etdiyini bildirib. Prezidentin sözlərinə görə, söhbət ayrı-ayrı insidentlərdən deyil, beynəlxalq hüquq və ABŞ Konstitusiyası çərçivəsindən kənarda hərbi gücdən istifadənin sistemli praktikasından gedir.