BAKI, 23 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın Vaşinqton üçün əsasən milli təhlükəsizlik baxımından vacib olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp Florida ştatında, Uest-Palm-Biç yaxınlığında yerləşən Mar-a-Laqo iqamətgahında jurnalistlərə açıqlama verib.
Tramp vurğulayıb ki, ABŞ-nin Qrenlandiyaya marağı faydalı qazıntılarla bağlı deyil.
“Qrenlandiya bizə milli təhlükəsizlik baxımından lazımdır, minerallara görə yox. Bizdə kifayət qədər mineral və neft yataqları var. ABŞ dünyada ən çox neft ehtiyatına malik ölkədir. Qrenlandiya bizə məhz milli təhlükəsizlik üçün lazımdır”, - o bildirib.
ABŞ prezidenti iddia edib ki, Qrenlandiyanın sahilləri boyunca Rusiya və Çin gəmiləri fəal şəkildə hərəkət edir.