BAKI, 23 dekabr. TELEQRAF

Dekabrın 22-də Moskvada avtomobilinin partladılması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi general-leytenant Fanil Sarvarovun ölməsi bütün əlamətlərinə görə məqsədli sui-qəsd təsiri bağışlayır. İlkin məlumata əsasən, avtomobilin alt hissəsinə mina bərkidilib, bu da diqqətlə planlaşdırılmış əməliyyata işarə edir. Əsas sual isə açıq qalır: yüksək rütbəli rusiyalı hərbçinin qətlinin arxasında kim dayanır?

Teleqraf xəbər verir ki, bu barədə “Bild” yazıb.

Almaniya nəşri bildirib ki, əsas versiyalar arasında müharibə zamanı bəzi rusiyalılara hücumlar həyata keçirmiş Ukrayna xüsusi xidmət orqanlarının mümkün iştirakı göstərilir. Ekspertlər hesab edirlər ki, partlatma bu cür əməliyyatlarda “sevimli üsul”dur, çünki partlayıcı qurğunu məsafədən işə salmaq mümkündür. Atəş açma, zəhərləmə və ya nəqliyyat qəzasını səhnələşdirmə isə qurbanla birbaşa təmas tələb edir və icraçılar üçün riskləri xeyli artırır.

Həmçinin sual yaranır: niyə məhz Sarvarov? Rusiya ordusunda onlarla general var və açıq mənbələrə görə Sarvarov birbaşa Ukraynada döyüş əməliyyatlarına komandanlıq etməyib, şəxsi heyətin hazırlığına cavabdeh olub. Bundan başqa, onun həyat tərzi - köhnə “Kia” avtomobili və tipik kommunal mənzildə yaşaması korrupsiya yolu ilə varlanmadığını da göstərir.

London Kral Kollecinin terrorizm üzrə eksperti Peter Noymana görə, Ukraynanın mümkün iştirakı halında bu sui-qəsdin məqsədi konkret bir zabitin aradan qaldırılmasından xeyli geniş ola bilər: “Mesaj belədir: hamınıza çata, istənilən an müharibəni Moskvaya gətirə bilərik”.

Noymanın sözlərinə görə, bu cür hücumlar eyni vaxtda bir neçə təsir yaradır:

“Yüksək ixtisaslı hərbi kadrların hazırlanmasına ən yüksək səviyyədə cavabdeh olan bir zabitin məqsədli öldürülməsi ilə yanaşı, bu, Kreml elitaları arasında narahatlıq, Rusiya cəmiyyətində parçalanma yarada bilər və ruslara o siqnalı verir ki, təkcə amerikalılarla münasibətləri yoluna qoymaqla heç nəyə nail olmaq mümkün olmayacaq”.

Rusiya hakimiyyəti hələlik qətlin sifarişçiləri və ya icraçıları ilə bağlı rəsmi açıqlama verməyib.