BAKI, 23 dekabr. TELEQRAF
“Krokus Siti Holl”da törədilən terror aktı ilə bağlı məhkəmə işi gələn il davam etdiriləcək.
Teleqraf xəbər verir ki, “Krokus Siti Holl” konsert zalında törədilən terror aktı ilə bağlı cinayət işi üzrə məhkəmə baxışı gələn il davam etdiriləcək.
Məlumata görə, İkinci Qərb Dairə Hərbi Məhkəməsi dekabrın 22-də cari il üçün sonuncu iclasını keçirib. Məhkəmə prosesində iştirak edən şəxslərdən birinin *RIA Novosti*yə bildirdiyinə görə, baxış 2026-cı ildə bərpa olunacaq.
“Yanvarın 12-də, 2026-cı ildə müdafiə tərəfinin sübutların təqdim edilməsi mərhələsi davam etdiriləcək”, – deyə mənbə qeyd edib.
Xatırladaq ki, dekabr ayının ortalarında “Krokus Siti Holl”da törədilən terror aktının ehtimal olunan icraçılarından biri – Şamsiddin Fariduni məhkəmədə ilk dəfə ifadə verib.
İstintaq sənədlərində göstərilir ki, ümumilikdə 149 nəfər həyatını itirib və onlardan 70 nəfəri heç bir güllə yarası almadan yanğın zamanı boğularaq və ya yüksək temperaturdan nəfəs yollarının zədələnməsi nəticəsində dünyasını dəyişib.