BAKI, 23 dekabr. TELEQRAF

"Call of Duty" və "Battlefield" oyun seriyalarının yaradıcılarından biri Vins Zampella ABŞ-də baş verən yol-nəqliyyat hadisəsində ölüb.

Teleqraf xəbər verir ki, bu barədə "NBC News"un yerli bölməsi məlumat yayıb.

Məlumata görə, qəza dekabrın 21-də Kaliforniya ştatında, Los-Ancelesin şimalında, San-Qabriel dağı ərazisində baş verib. 55 yaşlı Vins Zampellanın olduğu avtomobil beton maneəyə çırpılıb, zərbədən sonra nəqliyyat vasitəsi yanmağa başlayıb. Qəza nəticəsində sürücü və sərnişin aldıqları xəsarətlərdən dünyasını dəyişib. Hadisənin səbəbi, eləcə də avtomobili kimin idarə etdiyi barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, Vins Zampella daha əvvəl "Call of Duty" şuter seriyası ilə tanınan "Infinity "Ward şirkətinə rəhbərlik edib. O, 2010-cu ildə "Titanfall" və "Star Wars Jedi: Fallen Order" oyunlarını hazırlayan "Respawn Entertainment" studiyasının həmtəsisçisi olub. Son dövrlərdə Zampella "Battlefield" seriyası oyunlarının hazırlanmasına rəhbərlik edirdi.