BAKI, 23 dekabr. TELEQRAF

Dekabrın əvvəlində Venesuelanın dövlət neft-qaz şirkəti "Petróleos de Venezuela" (PDVSA)-ya qarşı həyata keçirilmiş kiberhücumun ABŞ tərəfindən təşkil edildiyi ehtimal olunur.

Teleqraf xəbər verir ki, bu qiymətləndirmə ABŞ-nin "Politico" qəzetinin 22 dekabr tarixli məqaləsində yer alıb.

Məqalədə qeyd olunur ki, keçmiş ABŞ rəsmiləri və kiber­təhlükəsizlik üzrə ekspertlərin fikrincə, Venesuelanın neft-qaz infrastrukturunun fəaliyyətini pozan genişmiqyaslı kiberhücum ABŞ əməliyyatına xas olan bir çox əlamətlər daşıyır. Mənbələrdən biri hücumun əvvəlcədən planlaşdırıldığını vurğulayıb.

Ekspertlərin sözlərinə görə, ABŞ bu miqyasda kiberhücum keçirməyə qadir olan azsaylı ölkələrdən biridir. Qəzetin keçmiş rəsmilər sırasından olan mənbələri hücumun arxasında ABŞ Silahlı Qüvvələrinin Kiberkomandanlığının dayandığını ehtimal edirlər. Mənbələrdən biri bildirib ki, Kiberkomandanlıq məhz bu cür əməliyyatlar üçün yaradılıb və belə bir hücumun həyata keçirilməsi onun vəzifə və imkanlarına tam uyğundur.

Qeyd edək ki, PDVSA nümayəndələri 15 dekabrda şirkətin fəaliyyətini dayandırmaq məqsədi daşıyan kiberhücuma məruz qaldıqlarını açıqlamışdılar. Şirkət həmin vaxt hücumu ABŞ hökumətinin Venesuela neftini güc və “dəniz quldurluğu” yolu ilə ələ keçirməyə yönəlmiş strategiyasının tərkib hissəsi olan aqressiya cəhdi kimi qiymətləndirmişdi.