BAKI, 22 aprel. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin maraqlarını hər şeydən üstün tutan qətiyyətli liderdir.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının rəhbəri Bilal Ərdoğan TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Putinin nümayiş etdirdiyi liderlik bu mürəkkəb dövrdə davamlı və əhəmiyyətli sülhün əldə olunması üçün vacibdir.
"Prezident Putinlə bir dəfə İranda görüşmüşəm. Onda öz ölkəsinin və xalqının maraqlarını ön plana çıxaran qətiyyətli lider görürəm", - Bilal Ərdoğan vurğulayıb.
Bilal Ərdoğan dünyanın çətin dövrlərdən keçdiyini və bu çətinliklərin aradan qalxacağına ümid etdiyini diqqətə çatdırıb: “Türkiyə sanki regional münaqişələrin arasında yerləşir. Biz ətrafımızda sülh görmək istəyirik. Çünki bu münaqişələr qonşu və dost ölkələrdə baş verir. Biz heç vaxt istəməzdik ki, qonşularımız bir-biri ilə münaqişəyə girsinlər”.
O əlavə olaraq bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında regionda sülhün bərqərar olması üçün ciddi səylər göstərib.