BAKI, 21 sentyabr. TELEQRAF

"Udinlərin albanların yeganə varisi sayılması böyük səhvdir".

Teleqraf xəbər verir ki, bunu tarix elmləri doktoru Həsən Həsənov Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış" mövzusundakı seminarda deyib.

O, qeyd edib ki, albanların tarixi irsi yalnız udinlərə məxsus deyil: "Biz də albanların varisiyik. Ümumiyyətlə, Albaniya tarixinin hələ də həllini tapmamış bir çox problemi var".

Məktəblərdə tədris olunan tarix dərsliklərini monitorinq etdiyini deyən alim bununla bağlı Elm və Təhsil Nazirliyinə məktub ünvanladığını diqqətə çatdırıb.

"Məsələn, Novruz bayramı zərdüştlik bayramı deyil, türk bayramıdır. Biz zərdüşt deyilik. Dərsliklərdəki səhvlərlə bağlı nazirlik qarşısında 40 mövzu qaldırmışam. Qurumun bu problemləri həll etməməsindən mən də sizin kimi gileyliyəm", - o vurğulayıb.