BAKI, 21 sentyabr. TELEQRAF

I Yazı

Türkiyə Cümhuriyyətinin dövlət himni olan “İstiqlal marşı”nın bəstəkarı Zəki Üngörun bioqrafiyasında və səhnə həyatındakı ən maraqlı hadisələrindən biri Sovet İttifaqına səyahət etməsidir. Bu səfərlərinin birində Bakıya da gələn Zəki bəy Rusiya səyahəti ilə bağlı xatirələrini qələmə alıb.

Türkiyənin musiqi tarixində Osmanlı imperiyasının son dövrü ilə Cümhuriyyətin ilk illəri arasında körpü rolunu oynayan sənətkarlardan olan Osman Zəki Üngör 1880-ci ildə İstanbulun Üsküdar səmtində musiqiçi ailəsində doğulub. Babası Santuri Hilmi bəy Osmanlı saray orkestri olan Muzıka-yi Hümayun daxilində Qərb musiqi alətlərinin də yer aldığı “Faslı- Cədid”in yaradıcılarından biri olub. Ona görə də uşaqlıq illərindən musiqiyə maraq göstərib və yeddi yaşında skripka çalmağa başlayıb. On bir yaşında isə Muzıka-yi Hümayuna qəbul edilib.

O dövrdə Osmanlı sarayında Qərb musiqisinə maraq artıq XIX əsrin əvvəllərindən etibarən güclənmişdi və Muzıka-yi Hümayun bu istiqamətin əsas mərkəzlərindən birinə çevrilmişdi. Üngör burada həm praktiki musiqi təhsili alıb, həm də Avropa musiqi ənənələrini öyrənib. O, skripka üzrə Vondra bəydən, musiqi nəzəriyyəsi, solfecio və musiqi tarixi üzrə isə D'Aronda paşadan dərslər alıb. Bu təhsil onun sonrakı fəaliyyətində həm ifaçı, həm də orkestr rəhbəri kimi özünü göstərib.

Gənc yaşlarında istedadı ilə sultan II Əbdülhəmidin diqqətini cəlb edən Üngör sonrakı illərdə peşəkar konsert skripkaçısı kimi tanınıb. O, sarayın rəsmi mərasimlərində və konsertlərində çıxış edib, “Faslı- Cədid”də, həmçinin Saffet Atabinenin təşkil etdiyi ilk simfonik orkestrdə baş skripkaçı kimi fəaliyyət göstərib.

Zəki Üngörün fəaliyyətinin mühüm istiqamətlərindən biri orkestr rəhbərliyi olub. O, minbaşı rütbəsi ilə Saray Orkestrinin rəhbərliyini də həyata keçirib. Onun fəaliyyəti dövründə orkestrin repertuarının genişləndirilməsi və Qərb simfonik musiqisinin daha geniş şəkildə tətbiqi istiqamətində addımlar atılıb.
Üngörün çalışdığı orkestr Union Française-də saraydan kənarda xalq üçün konsertlər verib. Bu, musiqinin saray çevrəsindən çıxaraq daha geniş ictimaiyyətə təqdim edilməsi baxımından əhəmiyyətli mərhələ idi. Orkestr daha sonra Avropanın bir sıra şəhərlərində çıxış edib. Vyana, Berlin, Drezden, Münxen, Budapeşt və Sofiyada keçirilən konsertlər türk orkestrinin Avropa musiqi mühitində təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyıb.

Lakin Zəki Üngörün adını Türkiyə tarixində əbədiləşdirən əsas hadisə İstiqlal Marşının bəstələnməsi olub. Mehmet Akif Ersoyun yazdığı şeir 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən milli marş kimi qəbul edilmişdi. Şeirin musiqisinin müəyyənləşdirilməsi isə daha sonrakı mərhələdə baş verib. İstiqlal Marşının musiqisi məsələsində müxtəlif bəstələr ortaya çıxıb və Əli Rıfat Çağatayın bəstəsi müəyyən müddət istifadə olunub. Zəki Üngörün bəstəsi isə 1930-cu ildən etibarən rəsmi olaraq istifadə edilən əsas melodiya olub.

İstiqlal Marşının yaranması ilə bağlı Zəki Üngörün özünün sonralar verdiyi məlumat da maraqlıdır. Onun xatirəsinə görə, marşın musiqisinin əsas hissəsi İzmirin azad edilməsindən sonra yaranan böyük coşqunun təsiri ilə meydana gəlib. Daha sonra bu musiqi Mehmet Akifin sözlərinə uyğunlaşdırılıb.
İstiqlal Marşından əlavə Zəki Üngörün “İlim Marşı”, “Azmü Ümid Marşı”, “Töre Marşı”, “Türk Çocukları”, “Cumhuriyyət Marşı”, “Musiki Muallim Marşı”, “Ankara Marşı”, “Gənclik və İdman Marşı” və müxtəlif uşaq mahnıları kimi əsərləri də olub.

Osmanlı imperiyasının dağılması və Türkiyə Cümhuriyyətinin yaranması Zəki Üngörün həyatında yeni mərhələ açıb. Cümhuriyyətin elanından sonra onun fəaliyyəti İstanbuldan Ankaraya keçib. O, Ankara Rəyasəti- Cümhur Musiqi Heyətinin rəhbəri təyin olunub.

Yeni Cümhuriyyətin qarşısında duran əsas məsələlərdən biri müasir dövlət institutlarının yaradılması idi. Musiqi sahəsində də bu proses özünü göstərirdi. Zəki Üngör bu dövrdə musiqi təhsilinin təşkilinə xüsusi əhəmiyyət verib. O, Musiqi Müəllim Məktəbinin yaradılmasında mühüm rol oynayıb və 1924-1934-cü illərdə həmin məktəbin direktoru vəzifəsində çalışıb. Bu məktəb sonrakı illərdə Türkiyədə peşəkar musiqi təhsilinin inkişafı üçün mühüm bazalardan birinə çevrilib.

Üngörün fəaliyyəti yalnız Ankara ilə də məhdudlaşmayıb, 1926-cı ildə Türkiyənin xaricdə tanıdılması məqsədilə təşkil edilən “Karadeniz” gəmisi ilə Avropa səfərinə çıxan orkestrin formalaşdırılmasında da iştirak edib. Dörd ay davam edən bu səfər zamanı müxtəlif liman şəhərlərində konsertlər verilib.

Bu fəaliyyətlər çərçivəsində Üngörün Rusiya və Sovet İttifaqına səfərləri də xüsusi yer tutub. 1926-cı ildə rəhbərlik etdiyi Riyasət-i Cumhur Orkestri ilə həyata keçirilən geniş Avropa turnesi çərçivəsində orkestr Leninqradda konsert verib. Eyni səfər zamanı Sovet İttifaqının Batum və Odessa şəhərlərində də çıxışlar keçirilib. 1934-cü ildə o, yenə Sovet İttifaqında olub, geri qayıdarkən xatirələrini qələmə alıb.

1934-cü ildə Zəki Üngör təqaüdə çıxaraq İstanbulda yaşamağa başlayıb. Bundan sonra ictimai musiqi fəaliyyətindən uzaqlaşsa da, adı artıq Türkiyənin musiqi tarixində möhkəm yer tutmuşdu. O, 28 fevral 1958-ci ildə İstanbulda vəfat edib, dəfn mərasimində xüsusi icazə ilə İstiqlal Marşı səsləndirilib. Ondan əvvəl bu xüsusi icazə yalnız Mehmet Akif Ersoyun dəfn mərasimi üçün verilmişdi.

Zəki Üngör 1934-cü ildə “Hakimiyeti Milliye” qəzetində Moskva səyahətini üç hissəli yazı şəklində təqdim edib. Türk musiqi tarixinin öyrənilməsi baxımından əhəmiyyətli olan bu səfərlə bağlı Zəki bəyin yazdığı xatirələri təqdim edirik:

***

Moskva musiqi səfərinin təəssüratları

Aprel ayı ərzində Ekrem ilə birlikdə Moskvaya etdiyim və Sovet İttifaqının nəzakətkar dəvətinin nəticəsi olan musiqi səfərim haqqında xatirələrimi yazarkən o illərdə böyüklər və mətbuat tərəfindən şəxsən mənə, Ekremə və dolayısı ilə türk sənətkarlığına qarşı göstərilmiş səmimi hörmət təzahürlərinə təşəkkür etməkdən başqa bir şey düşünmürəm. Daim özümdən və oğlumdan bəhs etmək məcburiyyətində qalıramsa, bunun da bir təsadüfün nəticəsi olduğunu və hərəkətimdə təvazökarlığa zidd hər hansı bir cəhət görülməməsini diləyirəm.

Moskva konsertlərimizdə iştirak edən türk dinləyicilər arasında musiqidən anlayan bircə türk jurnalisti olsaydı, ixtisas məsələlərinin müəyyənləşdirilməsi işi onun üzərinə düşərdi. Lakin mən təşəkkür vəzifələrimi yerinə yetirmək məcburiyyəti qarşısında bu gün özüm haqqında danışmaq zərurətində qaldım. Onları və gördüklərimi olduğu kimi yazarkən müvəffəqiyyətlərimizin şərəfinin şəxslərimizə deyil, türk sənət istedadına və milli mənliyimizə aid olduğunu düşündüm. Konsertlərin doğurduğu davamlı alqışlar qarşısında sevinərkən də özümü deyil, türk varlığını və bunların hamısından üstün olaraq, qırx illik peşə təcrübələrimi mənəvi qüvvəsi ilə daim təşviq edən böyük Qazini (Atatürkü – D.Ə) düşündüm.

Odessada

Böyük olmayan bir vapurla Qara dənizi son dərəcə pis bir dəniz səyahəti edərək keçdik. Odessaya çatdığımız zaman bizi gözləyən şəxslərlə qarşılaşdıq. Qarşılamaq üçün gəminin özünə qədər gəlmişdilər: Xarici İşlər Komissarlığının nümayəndəsi, VOKS nümayəndəsi, Opera rejissoru, Filarmonik Orkestrin direktoru, bir jurnalist və bir neçə başqa şəxs...

Məlum olduğu kimi, “VOKS” Sovet İttifaqının xarici ölkələrlə mədəni əlaqələr cəmiyyətinə verilmiş addır. Saat ikidə VOKS klubunda idik; bir soprano, bir bariton və gənc bəstəkarlardan biri də orada idi. Odessanın musiqi həyatının başlıca yaradıcı və ifaçı şəxsiyyətləri ilə tanış olduq. Mədəniyyət sahəsinə mənsub şəxslər toplantıda hazır idilər. Bu ev bütün mədəniyyət xadimlərinin toplaşdığı bir yerdir. Orada baş verən hər hansı yenilikdən hər kəs dərhal xəbərdar olur; hər bir mədəniyyət xadimi öz sahəsindən kənardakı bütün mədəniyyət hərəkatlarından da gündən-günə xəbərdar olur. Hər sahə adamının digər mədəniyyət fəaliyyətlərinə son dərəcə böyük maraq göstərdiyini gördük; xüsusilə də musiqiyə...
Gənc bəstəkar öz əsərini ifa etdi. Köhnə rus musiqisi bizə məlumdur. Yeni rus musiqisinin isə yalnız Avropaya əks edən cəhətlərini və şəxsiyyətlərini tanıyırıq. Bu səbəbdən Rusiyaya gəlişimizdə, xüsusilə sovet bəstəkarları haqqında daha dərin təsəvvür əldə edə bilmək ilk arzumuz olmuşdu. Nəticədə, gənc sovet bəstəkarlarının musiqilərini daha böyük diqqətlə dinlədik: əsərdə hər zamankı rus bəstəkarlarına xas olan “developman”da axıcı və xoş olmaq cəhəti yenə də vardı.

Sonradan dinlədiyimiz yeni sovet bəstələrindən də anladıq ki, oradakı modernizm köhnələrin tamamilə ziddinə gedən bir yolda yürümür. Əksinə, köhnədən yeniyə doğru təbii bir şəkildə keçilməsinə diqqət edilir. “Səmimiyyət” hər zaman üçün əsasdır. Lirizm ümumiyyətlə üstün vəziyyətdədir. Sentimentalizm bəlkə bir qədər artıqdır. Fəqət sonradan Moskvada Şostakoviç kimi bəstəkarların əsərlərini dinlədikdə bu sentimentalizmin ümumi bir hal olmadığını gördük.

Bir sözlə demək lazım gələrsə, başqa yüksək mədəniyyətli ölkələrdə olduğu kimi müasir rus musiqi bəstəkarlığında da böyük təzadlar və ekol fərqləri vardır.

Yenə həmin yerdə dinlədiyimiz səs sənətçiləri bizdə belə bir təəssürat yaratdılar ki, Fransada səs sənəti məsələləri pedaqoji, keyfiyyət və kəmiyyət baxımından kiçik və böyük müzakirələrə səbəb olan gündəlik bir məsələ olduğu halda, Rusiyada — xüsusilə bu sahədə — tam bir sakitlik və əminlik hökm sürür. Gənc bir soprano opera repertuarının ən çətin parçalarını su içirmiş kimi rahatlıqla oxudu. Görəsən, bu təbiiliyin səbəbi irqi səs xüsusiyyətlərinin bir nəticəsidirmi, yoxsa məktəb təkmilləşməsinin əsəridirmi? Sonradan bir çox operalarda da eyni vəziyyəti gördükdə anladıq ki, mahnı söyləmək və təsəvvürü belə çətin olan notlara qədər asanlıqla yüksələ bilmək ruslar üçün nəfəs almaq qədər təbii bir işdir.
Sopranodan sonra oxuyan basda da eyni yüksək xüsusiyyətləri gördük: səsi hər zaman yumru, dolğun, yumşaq və itaətkar, hər zaman da rusluqla dolu idi.

Odessadakı ilk musiqi təmasımızda, xüsusilə səs virtuozluğunu nümayiş etdirməkdə nə qədər haqlı olduqlarını və bu hərəkətlərinin mənasını sonradan daha yaxşı anladıq. Vaxtın azlığı üzündən konsertin daha uzun sürməsinə imkan qalmadığı üçün Moskvadan dönüşümüzə xas olaraq daha əhatəli bir konsert müəyyən edildi. Burada Odessanın ən qüvvətli sənətçiləri ilə Ekrem virtuoz sifətilə tanışacaqdılar.

Dinlədiyim bir neçə sənətçinin səviyyəsini təsvir etməklə həmin gün VOKS-da keçirdiyimiz saatları layiqincə təsvir etmiş sayıla bilmərəm. Çünki məncə, orada ən gözəl olan şey mədəniyyət sahəsində tanışlıqlara qarşı göstərilən həvəs, səmimiyyət və ürəkdən gələn münasibət idi.
Axşam operada “Riqoletto” tamaşasında olduq. Təəssüf ki, yola çıxmaq vaxtımız gəldiyi üçün bir pərdədən artıq dinləyə bilmədən qatarla yola düşdük.

Bu münasibətlə ən yeni müəssisələrdən biri olan Odessa operasının binasına diqqəti cəlb etmək istərdim. Fənnin bütün təkmüllərindən istifadə edilərək yüksəldilmiş olan bu əsərdə böyük bir qüdrət hiss olunur. Bizim pulla 9 milyon lirəyə başa gəlmişdir. Zəmindən aşağıda yerləşən dairələrin dərinliyi 15 metr, hündürlüyü isə 30 metrdir.

Yanğın təhlükəsinə qarşı olan xüsusiyyətləri də ayrıca heyrətamizdir: yanğın binanın hansı cəbhəsində baş verirsə, xaricdən gələn yanğınsöndürmə qolları həmin tərəfdən maşın qüvvəsi ilə açılan və sırf yanğına məxsus olan keçidlərdən içəri daxil olur. Yanan hər hansı bir hissə həmin anda əsas binadan ayrılaraq atəşin digər hissələrə sirayət etməsinin qarşısını alır. Hər şey elektrik qüvvəsi ilə idarə olunmaqdadır. İşıq və rəng oyunları ilə bütün mexaniki işlərin tək bir mərkəzdəki tərtibatla idarə oluna bilməsini görmək ilk baxışda ciddi şəkildə təəccübləndirici bir şeydir.

(Davamı var)